Şəhid Rahil Əkbərovun ailəsi 6 ildir kirayədə yaşayır
26 sen 2026 Post redaksiyası 4 3 dəq

Şəhid Rahil Əkbərovun ailəsi 6 ildir kirayədə yaşayır

Vətən müharibəsi şəhidi Rahil Əkbərovun ailəsi altı ildir mənzil sahibi ola bilmədiyini bildirərək köməyə çağırıb.

Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunun kiçik çavuşu Rahil Əkbərovun həyat yoldaşı Sveta Əkbərova ailəsinin ağır sosial vəziyyətdə yaşadığını bildirib. Qadın iki övladını tək böyütdüyünü və hər ay ödədiyi kirayə haqqının ailə büdcəsinə ciddi yük gətirdiyini deyib.

“Çox çətin sosial şəraitdə yaşayırıq. İki övladımı tək böyüdürəm və kirayə haqqını ödəmək ailəm üçün ciddi yükə çevrilib”.

Sveta Əkbərova bildirib ki, ailəsi mənzil təminatı üçün müraciət etsə də, altı ildir bu problemi həll edə bilmirlər. O, mərhum həyat yoldaşından qalan iki övladının - Rəvan və Damlanın - gələcəyi üçün narahatlıq keçirdiyini vurğulayıb.

“Mənzil təminatı ilə bağlı müraciət etsək də, hələ də ev sahibi ola bilməmişik. Yoldaşımdan bizə iki əmanət qalıb. Övladlarımız Rəvan və Damla. Mənim istəyim yalnız övladlarımın rahat və təhlükəsiz şəraitdə böyüməsidir. Rəvan və Damla şəhid övladlarıdır. Onların öz evlərində yaşamaq haqqının təmin olunmasını istəyirəm”.

Altı ildir kirayədə yaşayırlar

Şəhidin həyat yoldaşının sözlərinə görə, ailə 2020-ci ildən bəri daimi yaşayış yeri olmadan kirayə evlərdə qalır. Sveta Əkbərova bildirib ki, hər ay ödənilən kirayə haqqı ailə üçün ciddi maddi çətinlik yaradır.

“Artıq altı ildir ki, iki övladımla birlikdə Bakıda kirayədə yaşayıram. Ailəm üçün hər ay ödənişi etmək çətindir. Öz evimiz olsa, vəziyyət düzələr. Lakin aidiyyəti qurumlara müraciət etsək də, hələ də cavab ala bilməmişik”.

Sosial Xidmətlər Agentliyi vəziyyəti izah edib

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinə sorğu göndərilib. Qurumdan verilən cavabda bildirilib ki, şəhid ailəsi artıq qeydiyyata alınıb.

“Rahil Əkbərovun həyat yoldaşı Sveta Mehman qızı Əkbərova Sabirabad Rayon İcra Hakimiyyəti başçısının 6 aprel 2021-ci il tarixli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində qeydiyyata alınıb. Vətəndaş daimi pasport qeydiyyatını Bakı şəhəri, Binəqədi rayonuna dəyişdiyi üçün Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 30 avqust 2023-cü il tarixli Sərəncamı ilə əvvəlki növbəlilik tarixi saxlanılmaqla 3 nəfər (özü, oğlu və qızı) ailə tərkibi ilə mənzil növbəliliyi Binəqədi rayonuna keçirilib. Şəhidimizin həyat yoldaşının mənzillə təmin olunması üçün Agentliyə təqdim etdiyi sənədlərə baxılıb və ailə tərkibi nəzərə alınmaqla ikiotaqlı mənzillə təmin olunması nəzərdə tutulub. S.Əkbərovanın sosial məişət şəraitinin yaxşılaşdırılması məsələsinə qanunvericiliyə əsasən növbəlilik qaydasında baxılacaq”.

Şəhid Rahil Əkbərov haqqında

Rahil Əkbərov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, 2020-ci il noyabrın 26-da Hadrut istiqamətində gedən döyüşlərdə şəhid olub.

Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Rahil Əkbərov ölümündən sonra “Vətən uğrunda”, “Xocavənd” və “Füzuli” medalları ilə təltif edilib.