"Nike" şirkəti fransalı futbolçu Kərim Benzema ilə planlaşdırdığı reklam çəkilişindən imtina edib. Qərar futbolçunun keçmişinin araşdırılmasından sonra qəbul edilib.
"Nike" şirkəti fransalı futbolçu Kərim Benzema ilə planlaşdırdığı reklam çəkilişindən imtina edib. Layihə sentyabrın 24-də Londonda "Corteiz" brendi ilə birgə kampaniya çərçivəsində həyata keçirilməli idi.
Şirkət çərşənbə axşamı günü Benzemanın nümayəndələrinə bildirib ki, çəkiliş baş tutmayacaq.
Araşdırmadan sonra "Nike" rəhbərliyi Benzemanın brendin dəyərlərinə uyğun gəlmədiyi qənaətinə gəlib. Bu qərar futbolçunun ictimai keçmişinin diqqətlə nəzərdən keçirilməsindən sonra verilib.
2021-ci ildə Kərim Benzema komanda yoldaşı Matiu Valbuena ilə bağlı şantaj cəhdinə görə məhkəmədə təqsirli bilinib. Ona 1 il şərti həbs cəzası verilib, bundan əlavə pul cəriməsi də tətbiq olunub. Futbolçu isə irəli sürülən ittihamları rədd edərək təqsirini qəbul etməyib.
Benzema 2007-ci ildən etibarən "Adidas" brendi ilə əməkdaşlıq edirdi. Bu müqavilə başa çatdıqdan sonra futbolçunun nümayəndə heyəti "Nike" ilə danışıqlara başlayıb.
Lakin "Nike" tərəfi futbolçu ilə geniş miqyaslı əməkdaşlıq planlarının mövcud olduğunu təkzib edib. Beləliklə, London çəkilişinin ləğvi ilə tərəflər arasındakı gələcək əməkdaşlıq perspektivləri də sual altına düşüb.