Mədəniyyət naziri Adil Kərimli sentyabrın 24-də Naxçıvan şəhərində vətəndaşlarla növbəti qəbul keçirib.
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən ölkənin şəhər və rayonlarında vətəndaşların qəbulu davam etdirilir. Bu çərçivədə mədəniyyət naziri Adil Kərimli sentyabrın 24-də Naxçıvan şəhərində vətəndaşlarla görüşüb.
Qəbuldan əvvəl nazir Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında ucaldılmış abidə önünə gül qoyaraq Ümummilli Liderin xatirəsini ehtiramla anıb.
Daha sonra memar Əcəmi Naxçıvaninin 900 illik yubileyi münasibətilə şəhərin “Əcəmi seyrangahı” istirahət kompleksində ucaldılmış heykəl ziyarət olunub. Bu abidə cari ilin 11 avqust tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimi ilə istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində keçirilən görüşdə Naxçıvan şəhəri ilə yanaşı, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının sakinləri iştirak edib.
Vətəndaşların müraciətləri əsasən məşğulluqla bağlı problemlər, mədəniyyət sahəsində layihə və təkliflər, habelə iş yerinin dəyişdirilməsi kimi məsələləri əhatə edib.
Adil Kərimli bütün müraciətləri dinləyib və qaldırılan hər bir məsələnin operativ araşdırılaraq qanunvericiliyə uyğun həll ediləcəyini bildirib.