Bakıda Qafqaz Albaniyasına həsr olunmuş seminar keçirilib
18 sen 2026 Post redaksiyası 3 2 dəq

Bakıda Qafqaz Albaniyasına həsr olunmuş seminar keçirilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində 2026-cı il sentyabrın 18-də Həsən Həsənovun "Azərbaycan Tarixi Coğrafi Atlas" kitabı əsasında Qafqaz Albaniyasına dair seminar təşkil olunub.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində 2026-cı il sentyabrın 18-də "Qafqaz Albaniyası haqqında Həsən Həsənovun 'Azərbaycan Tarixi Coğrafi Atlas'ından çıxarışlar" adlı tədbir keçirilib. Tədbirdə "Azərbaycan - tarixi-coğrafi atlas" kitabının müəllifi, tarix elmləri doktoru, tanınmış dövlət xadimi Həsən Həsənov çıxış edib.

Alim bildirib ki, Azərbaycanın tarixi irsinin araşdırılması təkcə keçmişə işıq tutmaqla məhdudlaşmır, həm də milli yaddaşın gələcək nəsillərə ötürülməsində böyük rol oynayır.

Dövlət başçısının mövqeyi xatırladılıb

Seminar iştirakçılarına Prezident İlham Əliyevin Qafqaz Albaniyasına aid tarixi abidələr barədə mövqeyi çatdırılıb. Dövlət başçısı bu abidələrin Azərbaycanın mədəni sərvəti olduğunu və dövlət tərəfindən qorunduğunu bir neçə dəfə vurğulayıb.

Tədbirdə həmçinin Qafqaz Albaniyası dövründən qalan dini və mədəni abidələrin ölkənin milli-tarixi irsinin tərkib hissəsi olduğu bildirilib. Qeyd olunub ki, Azərbaycanın qədim tarixi ərazinin fərqli din və mədəniyyətlərin kəsişdiyi məkana çevrilməsindəki mühüm rolunu göstərir.

Tarixi xəritələrin elmi əhəmiyyəti

Seminarda tarixi xəritələrin sadəcə coğrafi təsvir vasitəsi olmadığı diqqətə çatdırılıb. Bildirilib ki, bu xəritələr müxtəlif tarixi mərhələlərdə dövlətçiliyin, siyasi idarəçiliyin, etnik-siyasi hadisələrin və sərhəd dəyişikliklərinin daha dərindən dərk olunmasına xidmət edən qiymətli elmi mənbələrdir.

Tədbirin sonunda tədqiqatçı-alim Həsən Həsənov qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, jurnalistlərin, bloger və influenserlərin suallarını cavablandırıb.