Britaniya şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Midlton uzun fasilədən sonra ilk dəfə birgə film təqdimatına qatılıblar, burada məşhur aktyor Tom Kruzun davranışı ictimaiyyətin diqqətini çəkib.
Uels şahzadəsi Uilyam ilə həyat yoldaşı Keyt Midlton Londonda keçirilən film təqdimatında birlikdə görünüblər. Bu, cütlüyün uzun müddətdən sonra ilk dəfə belə bir tədbirdə birgə iştirakı olub.
Söhbət aktyor Tom Kruzun baş rolda çəkildiyi "Digger" adlı yeni filmin təqdimat mərasimindən gedir. Şahzadə Uilyam və Keyt Midltonun tədbirə gəlişi xüsusi maraqla qarşılanıb.
Keyt Midlton tədbir keçirilən məkana daxil olarkən Tom Kruz onun əlindən tutaraq pilləkənləri enməsinə yardımçı olub. Bu jest qonaqların və media nümayəndələrinin nəzərindən yayınmayıb.
Aktyorun bu hərəkəti təzə deyil. 2022-ci ildə "Top Gun: Maverick" filminin təqdimatı zamanı da Tom Kruz protokolu pozaraq Keyt Midltonun əlindən tutmuşdu. İndi isə oxşar səhnə yenidən yaşanıb.
Qanunla rəsmi şəkildə qadağan olunmasa da, Britaniya kral ailəsi üzvləri ilə fiziki təmasa dair yazılmamış ciddi qaydalar mövcuddur. Adi əl sıxışmadan artıq hər hansı fiziki yaxınlıq etik sayılmır və bu qaydaya görə təşəbbüs məhz kral ailəsi üzvündən gəlməlidir.
Hətta sadə əl sıxma zamanı belə qarşı tərəfin əvvəlcə əl uzatmasını gözləmək tələb olunur. Bu baxımdan Tom Kruzun hərəkəti bir çoxları üçün qeyri-adi görünüb.
64 yaşlı aktyorun Uels şahzadəsinin həyat yoldaşının əlindən növbəti dəfə tutması cəmiyyətdə fərqli reaksiyalara səbəb olub. Bir qism bunu protokol qaydalarının pozulması kimi dəyərləndirsə də, digərləri bunu sadəcə nəzakətli bir jest kimi qarşılayıb.