Plastik cərrah Nərgiz Əhmədova xərçəng diaqnozu ilə bağlı həyat yoldaşı, tanınmış plastik cərrah Dilqəm Məhərrəmovun və oğlunun onun üçün saçlarını qırxdırdığını bölüşüb.
Plastik cərrah Nərgiz Əhmədova xərçənglə mübarizəsi zamanı ailəsindən gördüyü dəstəyi sosial media hesabında paylaşıb. Onun sözlərinə görə, həyat yoldaşı Dilqəm Məhərrəmov və oğlu bu çətin dövrdə ona güc vermək üçün saçlarını qırxdırıb.
Nərgiz Əhmədova paylaşımında ən yaxınlarının onun üçün nə qədər böyük dayaq olduğunu vurğulayıb. O bildirib ki, müalicə prosesi boyunca bir an belə tək qalmayıb.
Onlar mənim üçün saçlarını qırxdılar. Həyat yoldaşım və oğlum — mənim ən böyük dayağım, gücüm və heç vaxt tək olmadığımı xatırladan ən böyük səbəbimdir. Bircə saniyə belə yanımdan ayrılmadı. Bütün müalicələrim zamanı əlimdən tutdun, ən çox ehtiyacım olduğu zaman mənim qayğıma qaldın.
Həkim qeyd edib ki, ailəsinin yanında olması ona xəstəliyin ağırlığını unutdurub. O, bu hissləri belə ifadə edib:
Bəlkə də artıq diaqnozumun heç bir əhəmiyyəti yoxdur. Çünki mən artıq həyatda ən böyük hədiyyəyə — sənə sahibəm. Sən yanımda olduğun müddətdə mən artıq qalib gəlmişəm.
Nərgiz Əhmədova taleyini müəyyənləşdirəcək PET-KT müayinəsindən sonra yaşadığı emosional anı da unutmadığını bildirib. O, müayinə otağından çıxanda qardaşı İbrahimi gördüyünü xatırlayıb.
Və PET-KT müayinəsindən çıxanda gördüklərimi heç vaxt unutmayacağam — taleyimi müəyyən etməli olan müayinədən. Çölə çıxanda sevimli qardaşım İbrahimi gördüm. Əllərini göyə qaldırmışdı və göz yaşları yanaqlarından süzülürdü…O an əbədi olaraq qəlbimdə qalacaq.