Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus COVID-19-a bənzər nəticələr yarada biləcək yeni tənəffüs yolları xəstəliyinin meydana çıxma ehtimalından xəbərdarlıq edib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus bəşəriyyəti yeni bir tənəffüs yolları xəstəliyinin gətirə biləcəyi genişmiqyaslı sağlamlıq böhranı barədə xəbərdar edib. Onun sözlərinə görə, bu cür xəstəlik COVID-19 pandemiyasının səbəb olduğu ağır nəticələrlə müqayisə oluna bilər.
Açıqlama BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində təşkil edilmiş mətbuat konfransında səslənib. Qebreyesus bildirib ki, yeni bir qlobal pandemiyanın baş verməsi vaxt məsələsidir və bunun qarşısını almaq mümkün deyil.
“Gecələr yuxumu əlimdən alan əsas narahatlıqlardan biri yeni tənəffüs patogeninin ortaya çıxma ehtimalıdır. Bu xəstəlik COVID-19-un yaratdığı ağır fəsadlarla eyni nəticələrə gətirib çıxara bilər”
ÜST rəhbəri xəstəliklərin nə qədər tez yayıla biləcəyinə dair misal olaraq hazırda Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyasını qeyd edib. Onun sözlərinə görə, bu kimi infeksion xəstəliklər dünyanın istənilən bölgəsində qəfil ortaya çıxa bilər.
Qebreyesus vurğulayıb ki, belə hallar yalnız yoluxmanın baş verdiyi ölkə üçün deyil, qonşu dövlətlər və bütövlükdə dünya üçün ciddi təhlükə mənbəyinə çevrilə bilər.