Milli Məclis deputatı Naqif Həmzəyev bildirib ki, icbari tibbi sığortanın tətbiqi zamanı regionlarda, xüsusən Gəncə şəhərində ciddi çətinliklər yaranır.
Milli Məclis deputatı Naqif Həmzəyev bildirib ki, icbari tibbi sığortanın tətbiqi zamanı regionlarda, xüsusən Gəncə şəhərində ciddi çətinliklər yaranır. O, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında danışıb.
Deputat qeyd edib ki, icbari tibbi sığorta ilə əlaqədar problemlərin həlli üçün TƏBİB-ə, icbari tibbi sığorta qurumuna və digər aidiyyəti təşkilatlara müraciət olunsa da, müsbət nəticə əldə edilmir.
“İcbari tibbi sığortanın tətbiqi ilə bağlı regionlarda bəzi problemlərlə qarşılaşırıq. Nə TƏBİB-dən, nə icbari tibbi sığortadan, nə də aidiyyəti qurumdan müsbət cavablar ala bilirik”
Naqif Həmzəyev bildirib ki, Gəncə şəhərində bəzi cərrahiyyə əməliyyatlarının dövlət xəstəxanalarında aparılması mümkün olmur. Onun sözlərinə görə, bu xəstəxanalar həmin əməliyyatları yerinə yetirə bilmədiklərini bildirirlər.
Dövlət xəstəxanalarından imtina cavabı alan vətəndaşlar isə Gəncədə fəaliyyət göstərən və icbari tibbi sığorta çərçivəsində əməliyyat apara bilən özəl xəstəxanalara müraciət etmək imkanından məhrum qalır.
“Dövlət xəstəxanalarından imtina cavabı aldıqdan sonra vətəndaş Gəncədə yerləşən və icbari tibbi sığorta çərçivəsində əməliyyat həyata keçirə bilən özəl xəstəxanalara müraciət edə bilmir”
Deputat vurğulayıb ki, aidiyyəti qurumlar bu problemin aradan qaldırılması üçün müvafiq həll yolları tapmalıdır. Onun fikrincə, bütün xəstələrin Bakıdakı xəstəxanalara yönləndirilməsi növbələrin artmasına səbəb olur.
“Hamını Bakıdakı xəstəxanalara toplamaqla böyük növbə yaratmağa ehtiyac yoxdur. Bakıdakı tibbi xidmətləri və imkanları digər böyük şəhər və rayonlara da köçürmək və ya regionlardakı ixtisaslı özəl xəstəxanalara dəstək olmaq lazımdır. Əks təqdirdə, regionlarda özəl xəstəxanalarda çalışan həkimlərin də Bakıya axın edəcəklərini görəcəyik”
Naqif Həmzəyev bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında əlavə edib.