Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında deputat Səyyad Aran deputatların səlahiyyətlərinin genişləndirilməsi zərurətindən danışıb.
Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında çıxış edən deputat Səyyad Aran deputatların səlahiyyətlərinin artırılması məsələsini qaldırıb. Onun sözlərinə görə, vətəndaşlarla görüşərkən əsas tələb məhz konkret işlərin görülməsi ilə bağlı olur.
Səyyad Aran bildirib ki, dövlət qurumları çox zaman deputatların səlahiyyət çərçivəsinə istinad edərək onların müraciətlərinə cavab vermir. Bu zaman deputatlara yol çəkilməsi və ya xəstəxana tikintisi kimi məsələlərlə məşğul olmadıqları, yalnız qanunvericiliklə bağlı işlərlə kifayətlənmələri xatırladılır.
Bununla belə, deputat vurğulayıb ki, məhz onlar mütəmadi olaraq bölgələrə ezam olunur və orada birbaşa xalqla üz-üzə qalırlar.
“Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlər ki, siz yol çəkən deyilsiniz, xəstəxana tikdirən deyilsiniz, qanunvericiliklə məşğul olmalısınız. Bəs onda bizi ayda iki dəfə niyə rayonlara göndərirsiniz? Ay nazirlər, sizin hünəriniz çatırsa, gedib özünüz o camaatın qarşısına çıxın! Get səni orda sözlə elə günə qoysunlar ki, adın yadından çıxsın. O sözləri xalq bizə deyir. Çünki xalqın əlçatanı deputatlardır. Biz orada canımızı qoyub gəlirik, çünki problemini həll edə bilmirik”
Səyyad Aran bu çıxışında nazirləri birbaşa vətəndaşlarla təmasda olmağa çağırıb, əks halda xalqın narazılığının yenə də deputatların üzərinə düşəcəyini bildirib.