Avstriyanın paytaxtı Vyanada 14-18 sentyabr tarixlərində keçirilən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının 70-ci Növbəti Sessiyasında Azərbaycanı Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbərliyi ilə formalaşdırılmış nümayəndə heyəti təmsil edib.
Vyanada keçirilən tədbirdə dünyanın 181 üzv dövlətindən 3 mindən artıq nümayəndə iştirak edib. Azərbaycanı təmsil edən heyətə fövqəladə hallar nazirinin müavini Yusif Nəbiyev rəhbərlik edib, heyətin tərkibinə müvafiq dövlət qurumlarının aidiyyəti vəzifəli şəxsləri daxil olub.
Sessiya zamanı çıxış edən Yusif Nəbiyev Azərbaycan ilə AEBA arasındakı əməkdaşlığın daha da genişləndirilməsi mövzusuna toxunub. O, həmçinin böyük miqyaslı kütləvi tədbirlərdə nüvə təhlükəsizliyinin təmin olunması istiqamətində aparılan texniki missiya çərçivəsindəki əməkdaşlıqdan danışıb.
Çıxışda ölkədə hüquqi, tənzimləyici və texniki infrastrukturun təkmilləşdirilməsi sahəsində görülən işlər də diqqətə çatdırılıb. Bundan əlavə, səhiyyə, kənd təsərrüfatı və ətraf mühit sahələrində nüvə və izotop texnologiyalarının tətbiqi ilə bağlı məsələlər də vurğulanıb.
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti AEBA-nın müxtəlif struktur bölmələrinin təmsilçiləri, eləcə də digər ölkələrdən olan nümayəndələrlə ikitərəfli görüşlər təşkil edib.