Azərbaycanda Dövlət Suverenliyi Günü sentyabrın 20-də qeyd olunur
20 sen 2026 Post redaksiyası 3 2 dəq

Azərbaycanda Dövlət Suverenliyi Günü sentyabrın 20-də qeyd olunur

Bu gün, sentyabrın 20-də, Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur. Bayram tarixi 2023-cü ildə Qarabağda aparılan lokal antiterror tədbirlərinin uğurla başa çatması ilə bağlıdır.

Bu gün, sentyabrın 20-də, Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur. Bayram tarixi 2023-cü ildə Qarabağda aparılan lokal antiterror tədbirlərinin uğurla başa çatması ilə bağlıdır.

Antiterror tədbirləri necə keçirildi?

2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri Qarabağ ərazisində lokal xarakterli antiterror əməliyyatına start verdi. Əməliyyatın məqsədi üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsi, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması idi.

Əməliyyat həmçinin Ermənistan silahlı birləşmələrinin tərksilah olunaraq Azərbaycan torpaqlarından çıxarılmasını, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsini nəzərdə tuturdu. Bundan başqa, işğaldan azad olunan ərazilərə qayıdan dinc sakinlərin, bərpa-tikinti işlərində çalışan mülki şəxslərin və hərbçilərin təhlükəsizliyinin təmin edilməsi, ölkənin Konstitusiya qaydalarının bərpası da əsas hədəflər sırasında idi.

Cəmi 23 saat 43 dəqiqə çəkən əməliyyat zamanı yüksək dəqiqlikli silahlardan istifadə olunaraq Ermənistan qüvvələrinin həm ön xətdəki, həm də dərinlikdəki mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş texnikası və hərbi obyektləri zərərsizləşdirildi. Nəticədə erməni separatçılar ağ bayraq qaldırmağa məcbur qaldılar.

Prezident İlham Əliyevin xalqa müraciəti

2023-cü il sentyabrın 20-də Prezident İlham Əliyev ölkə vətəndaşlarına müraciət edərək əməliyyatın uğurla nəticələndiyini və Azərbaycanın suverenliyinin tam bərpa olunduğunu bildirdi. Ali Baş Komandan qeyd etdi ki, Azərbaycan əsgəri və zabiti bu proses zamanı həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər nümayiş etdirdi.

Bir sutkadan az çəkən əməliyyat nəticəsində Azərbaycan ərazisində qanunsuz mövcud olan Ermənistan hərbi qüvvələri tərksilah edilərək ölkəni tərk etməli oldu. Qarabağda fəaliyyət göstərən qeyri-qanuni separatçı rejim ləğv edildi, hüquq-mühafizə orqanlarının gördüyü tədbirlər sayəsində separatçı liderlərin əksəriyyəti həbs edildi.

Bu addımlarla Azərbaycanın bütün ərazisində dövlət suverenliyi və konstitusion qaydalar tam şəkildə bərpa olundu.

Bayramın rəsmi təsis edilməsi

2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis olunması haqqında sərəncam imzaladı. Həmin sənədə əsasən bu bayram hər il sentyabrın 20-də qeyd edilir.