ABŞ Prezidenti Donald Trampın Merilend ştatındakı şəhərkənarı iqamətgahı üzərindəki uçuşa qadağan olunmuş zonaya yad təyyarə daxil olub, hərbi "F-16" qırıcısı onu təhlükəsiz şəkildə zonadan uzaqlaşdırıb.
ABŞ Prezidenti Donald Trampın Merilend ştatındakı şəhərkənarı iqamətgahı üzərində hava məhdudiyyəti pozulub. Şimali Amerikanın Aerokosmik Müdafiə Birləşmiş Komandanlığı (NORAD) bildirib ki, uçuşa qadağan olunmuş zonaya daxil olan təyyarə hərbi qırıcı tərəfindən müşayiət edilərək oradan çıxarılıb.
Hadisə Termont şəhəri üzərində yerli vaxtla saat 07:50-də qeydə alınıb. ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcı təyyarəsi qadağan zonasına daxil olan hava gəmisini heç bir insidentə yol vermədən həmin ərazidən kənara yönləndirib.
NORAD nümayəndələri bu hadisədən sonra pilotlara xəbərdarlıq göndərərək uçuşdan əvvəl hava məkanındakı hərəkət qadağaları barədə cari məlumatları mütləq yoxlamağı tövsiyə edib.
Məlum olub ki, dövlət başçısı həftəsonunu keçirmək məqsədilə iqamətgahına insident baş verməzdən bir gün əvvəl gəlibmiş.
Bu, ilk belə hadisə deyil — avqust ayının sonunda da oxşar vəziyyət yaşanmışdı. Həmin zaman Amerika liderinin Hyustona səfəri zamanı hərbi qırıcı uçuşa qadağan olunmuş zonaya daxil olan beş mülki təyyarəni müşayiət etməyə məcbur qalmışdı.
Bundan əlavə, bir qədər əvvəl kütləvi informasiya vasitələri Trampın "Air Force One" təyyarəsində uzunmüddətli uçuşları necə keçirdiyi barədə də məlumat yaymışdı.