Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edərkən bildirib ki, TRIPP adlanan layihə Cənubi Qafqazı mühüm beynəlxalq nəqliyyat qovşağına çevirə bilər.
Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edərək “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlanan TRIPP layihəsini regionun ən mühüm layihələrindən biri kimi təqdim edib. Onun sözlərinə görə, bu təşəbbüs Cənubi Qafqazı beynəlxalq əhəmiyyətli nəqliyyat qovşağına çevirmək potensialına malikdir.
Paşinyan qeyd edib ki, TRIPP Ermənistan ərazisindən, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin genişləndirilməsini nəzərdə tutur. Onun sözlərinə görə, layihə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət prinsipi əsasında qurulub.
Baş nazir bildirib ki, birbaşa dəmir yolu əlaqəsi Ermənistan üçün Rusiya, Orta Asiya və Çinə açılan yeni yollar yaradacaq. O əlavə edib ki, gələcəkdə Ermənistan-Türkiyə dəmir yolunun istismara verilməsi ilə bu marşrut Çini və Orta Asiyanı Türkiyə və Avropa İttifaqı ilə də birləşdirə biləcək.
“Ermənistan və Azərbaycan arasında təxminən 35 illik münaqişədən sonra biz hazırda TRIPP layihəsi çərçivəsində Şərq-Qərb dəmir yoluna əlavə olaraq boru kəmərlərinin, elektrik xətlərinin və yolların tikintisini müzakirə edirik”, - deyə Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, bu addımlar təkcə Ermənistan üçün deyil, bütün Cənubi Qafqaz üçün əhəmiyyət daşıyır və regionu “sülh yollarının kəsişməsinə” çevirə bilər.
Paşinyan həmçinin açıqlayıb ki, Ermənistan və ABŞ layihənin həyata keçirilməsi üçün birgə şirkət yaratmaq üzərində işləyir. Onun sözlərinə görə, ilkin mərhələdə Ermənistan bu şirkətin səhmlərinin 26 faizinə, ABŞ isə 74 faizinə sahib olacaq.