“Baku Research Institute” saytının ingilisdilli bölməsində erməni müəllif Viken Çeterianın Qarabağdakı antiterror əməliyyatına dair yazısı dərc olunub, məqalə Azərbaycan cəmiyyətində sərt reaksiyalara səbəb olub.
Altay Göyüşov bir vaxtlar Bakı Dövlət Universitetində “Türk xalqları tarixi” fənnini tədris edən müəllim kimi tələbələrin rəğbətini qazanmışdı. Onu tanıyanlar bilirdi ki, atası görkəmli arxeoloq, professor Rəşid Göyüşovdur və ailə Ağdamdan idi.
Universiteti bitirdikdən sonra yollar Müsavat Partiyasının qərargahında yenidən kəsişib. Sonradan Göyüşov “Real” hərəkatına qoşulub, daha sonra oradan da ayrılıb.
Göyüşov siyasətdən uzaqlaşıb “Baku Research Institute” adlı analitik sayt qurduqda bir çoxu bunu onun elmə qayıdışı kimi qarşılayıb. Saytda Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair Azərbaycan və ingilis dillərində maraqlı materiallar dərc olunub.
Lakin son günlərdə saytın ingilisdilli versiyasında Qarabağda antiterror əməliyyatının üçüncü ildönümünə həsr olunmuş, erməni müəllifin qələmə aldığı bir yazı diqqət çəkib. Maraqlıdır ki, həmin material Azərbaycan dilinə tərcümə edilərək saytın yerli bölməsinə yerləşdirilməyib.
“Azərbaycanın ərazi bütövlüyünün dözülməz bədəli” adlanan məqalənin müəllifi Cenevrə Universiteti və Cenevrədəki Vebster Universitetinin müəllimi Viken Çeteriandır. Yazının ilk sətirləri artıq onun mövqeyini üzə çıxarır:
“2023-cü il sentyabrın 19-da Azərbaycan ordusu de-fakto Dağlıq Qarabağ Respublikasının müdafiə mövqelərinə qarşı genişmiqyaslı hücuma başladı. Hücum üçün görünən hər hansı əsas yox idi, çünki Azərbaycan hakimiyyəti ilə Dağlıq Qarabağ rəhbərliyi arasında danışıqlar davam edirdi. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında da paralel danışıqlar aparılırdı. Bu hücumla Azərbaycan 2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli sənəd də daxil olmaqla, əvvəlki çoxsaylı razılaşmaları pozdu.”
Halbuki beynəlxalq hüquqda “Dağlıq Qarabağ Respublikası” adlı rəsmi dövlət heç zaman mövcud olmayıb — əks halda onu ilk növbədə Ermənistanın özü tanıyardı. 2020-ci il noyabrın 9-dan 2023-cü il sentyabrın 19-dək davam edən dövrdə nə Ermənistan, nə də Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib.
Üçtərəfli bəyanatın əsas şərti Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması idi, lakin bu heç vaxt icra olunmayıb. Əgər çıxarılsaydı, Azərbaycan Ordusunun 23 saata başa çatdırdığı antiterror əməliyyatı zamanı 200 hərbçi şəhid olmazdı.
“Sülhməramlı” missiyanı həyata keçirən Rusiya isə münaqişəni süni şəkildə uzatmaq üçün 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Ermənistana qaçmış erməniləri geri qaytarıb, evlərinin bərpası üçün lazımi materialları daşıyıb. Bundan başqa, Azərbaycan tərəfi Rusiya sülhməramlılarına məxsus nəqliyyat vasitələri ilə Ermənistandan Qarabağa silah daşınmasını optik müşahidə vasitəsilə dəfələrlə üzə çıxarıb və bu faktlar AZTV-də yayımlanıb.
Bütün bu sənədləşdirilmiş faktların fonunda Çeterianın “hücum üçün əsas yox idi” iddiası əsassız görünür. Müəllif daha sonra yazır:
“Ardınca XXI əsrin ən səmərəli etnik təmizləmələrindən biri baş verdi: bir neçə gün ərzində Dağlıq Qarabağın bütün etnik erməni əhalisi öz torpaqlarından didərgin salındı.”
Sual doğur: əgər 2023-cü ildə baş verən etnik təmizləmə hesab olunursa, onda 1988-1994-cü illərdə azərbaycanlıların Ermənistandan və Qarabağdan zorla çıxarılması, o cümlədən Xocalıda törədilən soyqırım necə adlandırılmalıdır? Qarlı gecədə ayaqyalın qaçan Xocalı sakinləri ilə əşyalarını yükləyib öz vasitəsilə Ermənistana köçən Qarabağ erməniləri arasında paralel aparmaq mümkün deyil.
Məqalədə Qarabağ münaqişəsinin tarixinə nəzər salınarkən 1988-ci il Sumqayıt hadisələri də xatırladılır, lakin həmin qırğınların təşkilatçısı olan erməni Eduard Qriqoryanın adı çəkilmir.
Əgər Altay Göyüşov bu məqaləni də saytın digər materialları kimi Azərbaycan dilinə tərcümə etdirib yerləşdirsəydi, ehtimal ki, ictimai reaksiya bu qədər sərt olmazdı. Bir neçə gündür ictimaiyyətdə bu mövzu müzakirə olunur, amma nə Göyüşovun özü, nə də saytın digər müəllifləri Çeteriana cavab olaraq hər hansı yazı ilə çıxış etməyib.
Avropa fondlarından qrant almaq üçün “sülh tərəfdarı” imici yaratmağın vacibliyi anlaşılandır. Lakin qeyri-adi olan odur ki, erməni tərəf bu imici qorumaq naminə belə tarixi faktları təhrif etməkdən çəkinmir, azərbaycanlılar isə oxşar platformalarda kosmopolitliyi prinsip halına gətirirlər.
Bu hadisə ilə bağlı maraqlı bir xatirə də var. Daxili işlər nazirinin keçmiş müavini Rövşən Cavadovun oğlu Laçın həmin dövrdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alırmış. Bir dəfə atasının nüfuzuna güvənərək dəcəllik edəndə, fakültənin əfsanəvi dekanı Məmmədxan Rəsulov Rövşən Cavadovu universitetə dəvət edib narazılığını bildirib.
Nazir müavini dekanın kabinetindən pərişan halda çıxıb, dəhlizdə gözləyən oğluna yalnız bir cümlə deyib:
“Mən sənin adını Laçın qoydum ki, laçın kimi vüqarlı olasan. Bilsəydim, belə olacaqsan, adını Gorus qoyardım.”
Bir zamanlar hörmətli müəllim sayılan Altay Göyüşov da indi tələbələrinə eyni acı hissi yaşadır. Bütün bunların fonunda yalnız bir cümlə deməyə dəyər:
“Heyif Altaya da, müəllimə də...”