ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasındakı çıxışında Kubadakı hakimiyyət sisteminin çökmək üzrə olduğunu bildirib.
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxış edərək Kubadakı kommunist rejiminin dağılma mərhələsində olduğunu açıqlayıb. Onun sözlərinə görə, ölkədəki hakimiyyət indiyə qədər görünməmiş təzyiqlərlə üzləşib.
“Mənim administrasiyam Kubadakı vəziyyətdə köklü dəyişikliklər olmasını istəyir. Oradakı kommunist rejimi tarixinin ən böyük təzyiqi altındadır. Bu, tamamilə iflas etmiş bir dövlətdir. Ölkə əvvəllər heç vaxt olmadığı kimi dağılır və tezliklə çökəcək”, – deyə Tramp bildirib.
Bundan öncə ABŞ Dövlət katibi Marko Rubio Kuba rəhbərliyini ölkə ərazisini Vaşinqtonun rəqib dövlətlərinin kəşfiyyat qurumlarına təqdim etməkdə ittiham edib.
Rubio bildirib ki, Birləşmiş Ştatlar rəqib tərəflərin kəşfiyyat işçilərinin və ya hərbi obyektlərinin ölkə sərhədindən cəmi 90 mil, yəni 145 kilometr məsafədə yerləşdirilməsinə yol verə bilməz.