Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edərək Azərbaycan ilə Ermənistan arasında daimi sülhün qurulmasını arzuladığını bildirib.
Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyasında Cənubi Qafqazdakı vəziyyətə toxunub. O, Ankaranın regiona dair mövqeyinin dəqiq olduğunu vurğulayıb.
“Cənubi Qafqaza baxışımız son dərəcə aydındır. Azərbaycan ilə Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq”
Ərdoğan çıxışında Bakı və İrəvan arasında gedən danışıqlar prosesini önəmli hesab etdiyini bildirib. Onun sözlərinə görə, iki ölkə liderinin göstərdiyi iradə Türkiyə tərəfindən müsbət qarşılanır.
“Cənab Əliyev və cənab Paşinyanın ortaya qoyduqları həll iradəsini təqdir edir və dəstəkləyirik. Ermənistanla davam etdirdiyimiz normallaşma prosesini də qətiyyətlə irəlilədirik”
Çıxışının davamında Ərdoğan Türk Dövlətləri Təşkilatının son illərdə əldə etdiyi nailiyyətlərdən danışıb. Onun sözlərinə görə, təşkilat regional əməkdaşlıq üçün örnək bir platformaya çevrilib.
“Məmnuniyyətlə bildirmək istərdim ki, Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənən nümunəvi regional əməkdaşlıq modelinə çevrilib. Oktyabrın 30-da Ankarada keçiriləcək 13-cü Liderlər Zirvəsi təşkilatın önündə yeni qapılar, yeni üfüqlər açacaq”
Ərdoğan oktyabrın 30-da Ankarada baş tutacaq 13-cü Liderlər Zirvəsinin təşkilat üçün yeni imkanlar yaradacağına inandığını da sözlərinə əlavə edib.