Abşeron yatağının ikinci mərhələsi üzrə müqavilə imzalanacaq
26 sen 2026 Post redaksiyası 3 3 dəq

Abşeron yatağının ikinci mərhələsi üzrə müqavilə imzalanacaq

Prezident İlham Əliyev bildirib ki, bu gün Abşeron yatağının ikinci mərhələsinin işlənməsi ilə bağlı müqavilə imzalanacaq və layihə üç-dörd ildən sonra qaz hasilatını əlavə 5 milyard kubmetr artıracaq.

Dövlət başçısı İlham Əliyev bu barədə Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusunda tədbirdəki çıxışında danışıb.

“Qazla bağlı isə bu gün Abşeron yatağının ikinci mərhələsinin işlənməsi haqqında müqavilə imzalanacaq. Bu layihə üç-dörd ildən sonra Azərbaycanda qaz hasilatının əlavə 5 milyard kubmetr artmasına səbəb olacaq”

Prezident vurğulayıb ki, iqtisadiyyatın şaxələndirilməsi üzrə ciddi işlər görülsə də, neft və qaz sektoru ölkə üçün əhəmiyyətini itirməyəcək.

Exxon ilə yeni razılaşma gözlənilir

İlham Əliyevin sözlərinə görə, bu gün daha bir mühüm sənəd — "Exxon" şirkəti ilə Azərbaycanda qeyri-ənənəvi neft və qaz ehtiyatlarının araşdırılması üzrə müqavilə də imzalanacaq.

“Onlardan biri “Exxon” şirkəti ilə Azərbaycanda böyük potensiala malik qeyri-ənənəvi neft və qaz ehtiyatlarının işlənməsi ilə bağlıdır. Kəşfiyyat işləri uğurlu olarsa, bu, Azərbaycanda yeni neft-qaz bumuna səbəb ola bilər”

Dövlət başçısı Avro-Atlantik məkanda qalıq yanacaqlara münasibətin dəyişdiyini qeyd edib və bu mövqeyə görə ABŞ prezidenti Donald Trampa təşəkkürünü bildirib.

“Buna görə Prezident Trampa təşəkkür edirəm”

Neft-qaz sektoru uzunmüddətli prioritet olaraq qalır

Prezident bildirib ki, bu il keçirilən Bakı Enerji Həftəsi çərçivəsində də bir sıra müqavilələr imzalanıb. Onun sözlərinə görə, neft-qaz sahəsi həm cəlbediciliyinə, həm də investisiya həcminə görə ən böyük seqmentlərdən biri olaraq qalacaq.

“Bu, uzunmüddətli perspektiv üçün nəzərdə tutulub”

Dövlət başçısı əlavə edib ki, regionda əlavə enerji istehsalı gücünə malik ölkələrin sayı azdır, əksər dövlətlər isə enerji çatışmazlığı ilə üzləşir və bu ehtiyaclarını, o cümlədən Azərbaycandan idxal yolu ilə qarşılayır.

Rəqəmsal texnologiyalar üçün əlavə imkanlar

İlham Əliyev qeyd edib ki, Azərbaycanın enerji üstünlüyü rəqəmsal inkişaf, məlumat mərkəzləri və süni intellekt sahəsində də istifadə oluna bilər.

“Buna görə də bu üstünlük rəqəmsal inkişaf, məlumat mərkəzləri və süni intellektin inkişafı üçün istifadə oluna bilər. Biz artıq dünyanın aparıcı şirkətləri ilə çox fəal danışıqlar mərhələsindəyik”

Enerji saxlama sistemləri və ixrac imkanları

Prezident bərpaolunan enerji dedikdə təkcə istehsalı deyil, həm ötürülmə, həm də saxlama infrastrukturunu nəzərdə tutduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkədə artıq 250 meqavat gücündə enerji saxlama sistemləri mövcuddur.

“Artıq 250 meqavat gücündə enerji saxlama sistemlərimiz var. Lakin bu, yalnız başlanğıcdır. Biz elektrik enerjisinin çox mühüm təchizatçısına çevrilmək istəyirik”

Dövlət başçısı bildirib ki, Azərbaycan neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları və gübrələrlə yanaşı, elektrik enerjisini, xüsusilə Avropa bazarına ixrac etməklə enerji təhlükəsizliyinə, bağlantılara və qarşılıqlı asılılığa töhfə verəcək.

“Biz regionda bütün bu məhsulları ixrac edən azsaylı ölkələrdən biriyik”