Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına sərt reaksiya verib və bu prosesin təşkilatçılarının ölkəyə girişinin məhdudlaşdırıla biləcəyini bildirib.
Media və Yayım Şurası yaydığı bəyanatda Türkiyənin media və sosial media məkanında son dövrlərdə Azərbaycana qarşı yayılan əsassız iddiaları ciddi narahatlıqla qarşıladığını açıqlayıb. Qurumun fikrincə, bu cür paylaşımlar iki qardaş ölkə arasındakı münasibətlərə xələl gətirmək və ictimai rəydə mənfi təsəvvür yaratmaq məqsədi daşıyır.
Şuranın açıqlamasında vurğulanıb ki, Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyəsi və tərəflər arasındakı qarşılıqlı etimad nəzərə alınarsa, bu qarayaxma kampaniyalarının fasilələrlə də olsa davam etməsi, dezinformasiyanın sərbəst yayılması və heç bir addımın atılmaması yolverilməz haldır.
Bəyanatda qeyd olunub ki, sözügedən paylaşımlar tək-tək şəxslərin öz təşəbbüsü ilə etdiyi hərəkətlər deyil. Media Şurasının qənaətinə görə, bunlar müəyyən qruplar tərəfindən idarə olunan, ümumi bir plan çərçivəsində həyata keçirilən məqsədyönlü kampaniyanın bir hissəsidir.
Qurum bildirib ki, belə fəaliyyət yalnız etik normalara zidd olmaqla qalmır, eyni zamanda Türkiyə Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini də pozur. Şuraya görə, bu sahədə digər hallarda tətbiq edilən həssas yanaşma və qanuni tədbirlər Azərbaycana aid məsələlərdə də göstərilməlidir.
Media və Yayım Şurası bildirib ki, Azərbaycan tərəfi Türkiyənin media və sosial media platformalarında baş verən prosesləri diqqətlə izləyir. Qanunvericilikdə müəyyən edilmiş tədbirlərin görülməsi, o cümlədən qarayaxma kampaniyasını təşkil edən və icra edən şəxslərin Azərbaycana girişinin məhdudlaşdırılması variantının nəzərdən keçirildiyi vurğulanıb.
Bəyanatın sonunda deyilir ki, cəmiyyət iki dövlət və xalq arasındakı tarixi, siyasi və mənəvi bağların, qarşılıqlı etimadın və strateji müttəfiqliyin zədələnməsinə yönəlmiş cəhdlərə yol verilməsini qəbul etmir. Şura bu kimi cəhdlərin qarşısının alınması üçün real addımların atılmasını gözlədiyini bildirib.