Sabirabad rayonunda kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının icra vəziyyəti araşdırılıb, iri fermer təsərrüfatlarına baxış keçirilib.
Sabirabad rayonunda "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində görülən işlər və qarşıda duran vəzifələr geniş şəkildə müzakirə olunub.
Azərbaycan Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Məmmədiyə Məmmədov, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi İzzət Talıbov, habelə rayonda təşkil olunmuş qərargahın üzvləri Azərbaycan Prezidentinin 25 may 2026-cı il tarixli, 1044 nömrəli Fərmanı ilə təsdiqlənən Dövlət Proqramının icrası çərçivəsində rayonda görülən işlərlə tanış olmaq üçün iri fermer təsərrüfatlarını və sahibkarlıq subyektlərini ziyarət ediblər.
Nümayəndə heyəti səfər zamanı "Fructus Aqropark" MMC, "Red Paradise" MMC, "ZİYA KFT" MMC, "QOÇ ƏT" Kəndli MMC, "RUZİ AGRO" MMC, "AZERA TOXUMÇULUQ" MMC, "Aran Agro" MMC, "EGG Natura Quşçuluq Şirkəti" MMC, "APEKS-Agro" MMC, "Taşobası" MMC və digər fermer təsərrüfatlarının fəaliyyəti ilə yaxından tanış olub.
Ziyarətlər zamanı kənd təsərrüfatının inkişaf perspektivləri, mövcud istehsal potensialından daha səmərəli yararlanma yolları, məhsuldarlığın artırılması imkanları və qarşıda duran hədəflər ətrafında fikir mübadiləsi aparılıb. Fermer və sahibkarlar dövlət tərəfindən yaradılan əlverişli şəraiti yüksək dəyərləndirərək, aqrar sektorun inkişafına töhfə vermək məqsədilə fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıblar.
Fermer təsərrüfatlarına baş çəkilməsindən sonra Sabirabad Rayon İcra Hakimiyyətinin inzibati binasında geniş görüş təşkil olunub. Tədbirdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən müəssisə rəhbərləri, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələri və qərargah üzvləri iştirak ediblər.
Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən və kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə qarşıya qoyulan vəzifələr, eləcə də Dövlət Proqramının rayonda icra vəziyyəti və gələcək mərhələdə görüləcək işlər müzakirə mövzusu olub.
Tədbirdə çıxış edən Məmmədiyə Məmmədov və Siraqəddin Cabbarov Dövlət Proqramının icrası istiqamətində görülən işlər, qarşıda duran vəzifələr və mövcud problemlərin aradan qaldırılması yolları barədə ətraflı məlumat veriblər. Çıxışlarda proqramın uğurla icra olunması üçün bütün aidiyyəti qurumların öz vəzifələrini məsuliyyətlə yerinə yetirməsinin vacibliyi qeyd edilib.
Bildirilib ki, hədəflərin icrasına nəzarət gücləndirilməli, görülən işlər üzrə müntəzəm monitorinq aparılmalı və əldə olunan nəticələr təhlil edilməlidir. Görüşün davamında fermer və sahibkarların təklifləri dinlənilib, onların üzləşdiyi çətinliklər müzakirə olunub və növbəti dövr üçün konkret hədəflər müəyyənləşdirilib.
Tədbirdə açıqlanıb ki, Dövlət Proqramının icrası çərçivəsində Sabirabad rayonunda 34 sahibkarlıq subyekti üzrə 41 təşəbbüs müəyyən edilib və bu təşəbbüslərin həyata keçirilməsi istiqamətində işlər hazırda davam etdirilir.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində başa çatıb, iştirakçıların sualları cavablandırılıb və qarşıda duran vəzifələrin icrası ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.