21 min manatlıq armudu stəkan aldıran polkovnik məhkəməyə düşdü
18 sen 2026 Post redaksiyası 5 2 dəq

21 min manatlıq armudu stəkan aldıran polkovnik məhkəməyə düşdü

Müdafiə Nazirliyinin sabiq İşlər İdarəsi rəisi polkovnik Elnur Süleymanov və onunla birgə işləmiş üç hərbçinin dövlət vəsaitini mənimsəmə ittihamı ilə məhkəmə prosesi başlayıb.

Bakı Hərbi Məhkəməsinin sədri hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda Müdafiə Nazirliyinin keçmiş İşlər İdarəsi rəisi polkovnik Elnur Süleymanov və üç keçmiş həmkarının işinə baxılmasına start verilib. Proses media üçün qapalı formatda təşkil olunub.

İlk iclasda təqsirləndirilən şəxslərin şəxsi məlumatları dəqiqləşdirilib və ilkin dinləmələr aparılıb. Məhkəmə həm istintaqın qapalı qaydada davam etdirilməsinə, həm də müttəhimlərin hazırkı azadlıq statusunun saxlanmasına dair qərar qəbul edib.

Kimlər ittiham olunur?

Elnur Süleymanovla yanaşı, aşağıdakı şəxslər də bu iş üzrə məhkəməyə cəlb olunub:

  • Polkovnik-leytenant Emin Əliyev
  • Məsud İbrahimov
  • Pərviz Abdullayev

Dördü də hazırda azadlıqdadır. Onlara 1 milyon manatdan artıq dövlət vəsaitini mənimsəmə ittihamı irəli sürülüb. Təqsirləri sübuta yetirilərsə, hər biri 14 ilədək azadlıqdan məhrum etmə cəzası ilə üzləşə bilər.

Növbəti iclas oktyabrda keçiriləcək

İşin əsas məhkəmə iclası oktyabrın 2-də təyin olunub. Həmin iclasda ittiham materiallarına daha ətraflı baxılacağı bildirilir.

Qeyd olunmalıdır ki, hazırda təqsirləndirilən şəxs kimi çıxış edən Elnur Süleymanov əvvəllər Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun xərcləri ilə bağlı məhkəməyə təqdim etdiyi hesabatla ictimai müzakirələrə səbəb olmuşdu. Həmin hesabatda Elnur Süleymanov yazmışdı ki, Nəcməddin Sadıkov üçün 6 dəst armudu stəkanın alınmasına 21 min manat vəsait xərclənib. Bundan əlavə, hər birinin qiyməti 100 manat olan 80 şüşə çaxırın alınmasına da ümumilikdə 8 min manat sərf edilib.