Ankarada “süleymançılara” qarşı geniş əməliyyat keçirilib
20 sen 2026 Post redaksiyası 7 8 dəq

Ankarada “süleymançılara” qarşı geniş əməliyyat keçirilib

Dövlət Təhlükəsizliyi Xidmətinin Bakıda apardığı əməliyyat-axtarış tədbirləri zamanı özünü “Süleyman camaatının Bakı məntəqəsi üzrə rəhbəri” kimi təqdim edən Səid Mikayılov və digər şəxslər cinayət və inzibati məsuliyyətə cəlb olunub. Eyni günlərdə Türkiyədə Ankara şəhər prokurorluğu 17 rayon və şəhərdə “süleymançılar” adlanan icmaya qarşı əməliyyat keçirib.

Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində xaricdə dini təhsil almış Azərbaycan vətəndaşı Səid Mikayılovun özünü “Süleyman camaatının Bakı məntəqəsi üzrə rəhbəri” kimi təqdim etdiyi və qanunsuz fəaliyyətlə məşğul olduğu müəyyən edilib. Ona və digər şəxslərə cinayət və inzibati məsuliyyət tədbiqi görülüb. Bu hadisə fonunda “süleymançı” adı ilə tanınan icmanın nə olduğu, necə yarandığı və hazırda kimin rəhbərlik etdiyi bir daha aktuallaşıb.

Türkiyə Respublikasının Ankara şəhər prokurorluğu 17 rayon və şəhər ərazisində geniş miqyaslı əməliyyat keçirərək ölkənin ən qapalı dini-təşkilati strukturlarından sayılan “süleymançıları” yenidən gündəmə gətirib. Rəsmilər bildiriblər ki, istintaq heç bir dini inanc və ya ibadət formasını hədəf almır, əksinə mənfəət güdən mütəşəkkil cinayətkarlıq, maliyyə cinayətləri və beynəlxalq qanunsuz şəbəkələrin araşdırılmasına yönəlib. Maliyyə əməliyyatları, şirkət sənədləri və rəqəmsal materiallar araşdırıldıqca yeni həbslər, müsadirələr və qoruyucu tədbirlərin tətbiqi istisna edilmir.

“Süleymançılar” kimlərdir?

Türkiyə cəmiyyətinin əksəriyyəti bu qrupun mövcudluğundan xəbərdar olsa da, onun daxili quruluşu haqqında məlumat çox məhduddur — səbəb icmanın qapalı rejimdə fəaliyyət göstərməsidir. “Süleymançılar” adını 1888-ci ildə hazırkı Bolqarıstan ərazisindəki Silistra şəhərində doğulan Süleyman Hilmi Tunahandan götürüblər. Maraqlıdır ki, icma üzvləri özlərinə qoyulan bu adı təhqiramiz sayır və özlərini “süleymanlılar” ya da “Süleyman əfəndinin tələbələri” adlandırmağı üstün tuturlar.

Nəqşibəndi təriqətinin Müceddidiyə qoluna mənsub din xadimi olan Süleyman Hilmi Tunahan 1922-ci ildə ilahiyyat professoru olub. Cümhuriyyətin ilk illərində qəbul edilən qanunlardan sonra professorluqdan imtina edərək 1938-ci ilə qədər İstanbulun müxtəlif məscidlərində fəaliyyət göstərib. Bu müddətdə qeyri-rəsmi dini kurslar açdığına görə dəfələrlə həbs olunub.

İcmanın böyüməsi və struktur dəyişikliyi

1950-ci illərdə Adnan Menderesin hakimiyyətə gəlişindən sonra Tunahan dini tədris fəaliyyətini genişləndirib. İstanbulun Çamlıca rayonunda açılan ilk “Quran kursu”ndan başlayaraq 1959-cu ildə, yəni onun vəfat etdiyi il, bu kursların sayı 1000-i ötüb. Tunahan vəfatından əvvəl özünə mənəvi varis təyin etməyib ki, bu, klassik sufi ənənəsinə zidd hal sayılır. Nəticədə icma öz gücünü liderdən deyil, dini təhsil, tələbə yataqxanaları və ixtisaslaşmış şəbəkələrdən alan bir quruma çevrilib.

Tunahandan sonra yaradılan Məşvərət Şurasında kürəkəni Kamal Kaçar aparıcı rol oynamağa başlayıb. Məhz onun dövründə icmanın mərkəzləşdirilmiş təşkilati strukturu və siyasi dairələrlə sıx əlaqələri formalaşıb. 1965-ci ildə qəbul edilən “Dini məmurluq” haqqında Qanun dini kurs məzunlarının imtahansız məmur təyin olunmasının qarşısını alanda icma ilə dövlətin rəsmi dini məktəblərinin məzunları arasında gərginlik yaranıb. Bəzi mənbələrə görə, “süleymançı” adı da ilk dəfə elə bu qarşıdurma zamanı rəqiblər tərəfindən istifadə olunub.

1966-cı ildə icma “Quran məktəblərinin qurulması, qorunması və yaşadılması dərnəklərinin Federasiyası”nı yaradıb. 1971-ci ildə “Quran kursları”nın binalarının Dini İşlər İdarəsinə verilməsindən sonra federasiyaya bağlı dərnəklər tədricən tələbələr üçün yaşayış yeri təmin edən strukturlara çevrilib. Beləliklə, yataqxanalar həm dini təhsil, həm də gənclərlə əlaqə qurmaq üçün icmanın əsas dayaq nöqtəsinə çevrilib. 1980-ci ildə federasiyanın adı dəyişdirilib.

Hərbi çevriliş və mətbuatla əlaqələr

1980-ci il sentyabrın 12-də baş verən dövlət çevrilişindən sonra icmanın yataqxanalarına dair müsadirə qərarı çıxarılsa da, bu qərar sonradan naməlum səbəblərdən ləğv edilib. Çukurova Universitetinin ilahiyyat fakültəsinin müəllimi professor Mehmet Əli Kirman icma üzvlərinin sözlərinə əsaslanaraq bildirir ki, hərbi rejim icmanın fəaliyyətində qanunsuzluq aşkarlamadığı üçün qərar geri götürülüb. Jurnalist Nazlı Ilıcaq isə bunun 1982-ci ildə keçirilən Konstitusiya referendumunda icmanın “bəli” səsi verməsi ilə bağlı olduğunu iddia edir.

1989-cu ildə mətbuatla demək olar ki, heç bir əlaqəsi olmayan icma rəhbərliyi gözlənilməz addım ataraq “Tərcüman” qəzetinə, məhz sonralar “FETÖ”-çu olduğuna görə uzun müddət azadlıqdan məhrum edilən Nazlı Ilıcağa müsahibə verib. O zamankı lider Kamal Kaçar müsahibədə Dini İşlər İdarəsinə qarşı iddialar səsləndirib, bundan sonra tərəflər arasında altı ay davam edən ictimai mübahisə yaşanıb.

Rəhbərlik dəyişikliyi və Avropaya açılma

Kamal Kaçar 2000-ci ildə vəfat edib, onun yerinə Tunahanın nəvəsi Arif Əhməd Denizolgun icmaya rəhbərlik edib. Arif Əhməd Denizolgun 2016-cı ildə vəfat etdikdən sonra icmanın başına Süleyman Hilmi Tunahanın digər nəslindən olan, əsl adı Ali Ərhan Kuriş olan Alihan Kuriş keçib.

“Süleymançılar” Türkiyədən Avropaya işçi axınının ilk fərqinə varan dini qurumlardan biri olub. 1973-cü ildə Kölndə İslam Mədəniyyəti Mərkəzini yaradan icma, sonradan Almaniyada yaşayan müsəlmanların İslam Mədəniyyət Mərkəzləri Birliyini (VİKZ) təsis edib. Bu gün VİKZ özünü müstəqil və bitərəf dini icma kimi təqdim edir və Almaniyanın bələdiyyə, əyalət və federal qurumları ilə əməkdaşlıq etdiyini bildirir. Almaniya Prezidenti Frank-Valter Ştaynmayer 2023-cü ildə Mərkəzin yaranmasının 50 illiyinə həsr olunan tədbirdə şəxsən iştirak edib. 1990-cı illərdən etibarən icma Mərkəzi Asiya, Rusiya və Afrikada da şəbəkələr qurub, miqrantlarla əlaqələrini gücləndirib, xeyriyyə, nəşriyyat və təhsil sahələrində Türkiyədən kənara çıxıb.

Siyasi partiyalarla əlaqələr

İcmanın beynəlxalq genişlənməsi Türkiyədə siyasi elita ilə qurulan münasibətlərlə sıx bağlı olub. Kamal Kaçar uzun illər mərkəz sağ partiyalardan millət vəkili seçilib, icma bəzən “Ədalət”, “Xalq”, bəzən isə “Milliyyətçi Demokratiya”, “Ana Vətən” və “Doğru Yol” partiyaları ilə əlaqə qurub. Məqsəd hökumətlə dini təhsil və yataqxana fəaliyyəti üçün əlverişli şərait yaratmaq olub.

1995-ci ildə Kamal Kaçarın qardaşı oğlu Arif Əhməd Denizolgun “Rifah” partiyasından millət vəkili seçilib, “28 fevral hadisələri”ndən sonra isə Mesud Yılmazın kabinetində nəqliyyat naziri vəzifəsində çalışıb. Arif Əhməd Denizolgunun qardaşı Mehmet Beyazit Denizolgun 22-ci və 23-cü çağırış, onun oğlu Fatih Süleyman Denizolgun isə 27-ci çağırış İstanbul millət vəkili olub. Bildirilir ki, icma 2007-ci ildə Demokrat Partiyanı, 2018-ci ildə “İYİ” Partiyanı, 2009-cu və 2014-cü illərdə Antalyada, 2019-cu ildə isə iri şəhərlərdə hakim partiyaya qarşı çıxan güclü namizədləri dəstəkləyib. Hazırda həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu ilə icmanın əməkdaşlıq etdiyinə dair iddialar da mövcuddur.

Alihan Kuriş və son iddialar

Peşəkarlıqla memar olan Alihan Kuriş əsasən icmanın kurs və məktəb binaları üçün layihələr üzərində çalışıb, biznes fəaliyyəti ilə məşğul olub və Türkiyənin siyasi-ictimai həyatında fəal fiqur olmayıb. Onun anası Gülderen Kuriş Süleyman Hilmi Tunahanın qızı Feriha Ferhan Denizolgunun övladıdır — yəni bəzi media qurumlarının iddia etdiyinin əksinə, Alihan Kuriş Tunahanın nəvəsi deyil, nəticəsidir.

2000–2014-cü illər arasında icmada lider vəzifəsində çalışmış Erdal Arıkan prokurorluğa 50 səhifəlik sənəd təqdim edib. Sənəddə icmanın aparıcı din alimlərinin 2016-cı ildə təmizləndiyi iddia olunur, həmçinin bir çox polis məmurunun icmanın yataqxanalarında keçirilən “dini toplantılarda” və “dualarda” iştirak etdiyi qeyd edilir. Arıkan həmçinin bildirib ki, Kurişlə əlaqəli komissiyalarda çalışanlar icmanın qeydiyyata alınmamış gəlirlərini gizli “mavi kitablar”da qeyd ediblər. Sənəddə icma ilə əlaqəli hesab edilən qurumlar da sadalanır: Hisar Xəstəxanaları, Arden Marketləri, Arden Kafe və Restoranları, Arden FK, Akdeniz Toros Ət və Quşçuluq, Fazilet Nəşriyyatı, İsabet Məktəbləri, Gülderen və Kardelen Uşaq Bağçaları, Çamlıca Çap və Nəşriyyatı, İsabet Nəşriyyatı, Çamlıca Kitab Mağazası, Hisar Turizmi, Antalya Soyuq Saxlama (ANSO), Müxtəliflik və Hedef Dərnəyi.

“Alihan Kuriş mütəşəkkil cinayətkar qrupu”nun lideri kimi həbs edildikdən sonra istintaqda maraqlı ifadələr ortaya çıxıb. Şahid qismində dindirilən R.Ş adlı şəxs Alihan Kurişin “FETÖ tərəfindən idarə olunduğunu” iddia edib. Onun sözlərinə görə, Arif Əhməd Denizolgun vəfatından əvvəl Alihan və Ayişə Gülderenin onu öldürəcəyini deyirmiş, hətta “məni zəhərləyə bilərlər” ifadəsini işlədibmiş. R.Ş həmçinin Alihan Kurişin bu işdə kimin əli olduğunu bildiyini iddia edib.

İcmanın üzvü olan Y.K. isə Bakırköy rayon prokurorluğuna verdiyi ifadədə Alihan Kurişin uşaqlıqdan pul hərisi kimi tanındığını və icmanın rəhbərliyini ələ keçirmək istəyinin həmişə mövcud olduğunu bildirib:

"Alihan Kuriş son dövrlərdə maliyyə ambisiyaları səbəbindən icmanın rəhbərliyini ələ keçirmək istəyirdi. Həm o, həm də anası Ayişə Gülderen bu barədə açıqlamalar veriblər. Alihan Kurişin icmanın rəhbərliyini ələ keçirməsinin yeganə yolu Arif Əhməd Denizolgunun ölümü idi. Ona görə də Arif Əhməd Denizolgunun ölümü şübhəlidir".

Türkiyənin Baş prokurorluğu da bu ilin yanvar ayında 2016-cı ildə vəfat edən sabiq nazirin ölüm səbəbinin yenidən araşdırılmasına dair qərar verib.