Lənkəranın Ləj kənd məktəbində şərait yoxdur - valideyn
20 sen 2026 Post redaksiyası 4 4 dəq

Lənkəranın Ləj kənd məktəbində şərait yoxdur - valideyn

Lənkəran rayonunun Ləj kənd tam orta məktəbində övladı təhsil alan valideyn Günel Rzayeva məktəbdə akt zalı, idman zalı və texnologiya otağının olmadığını bildirib.

Lənkəran rayonunun Natiq Aslanov adına Ləj kənd tam orta məktəbində şəraitin qeyri-qənaətbəxş olması valideynləri narahat edir. Övladı bu məktəbdə oxuyan Günel Rzayeva bildirib ki, təhsil ocağı müasir imkanlardan tamamilə məhrumdur.

"XXI əsrdə dünyanın hər yerində məktəblər rəqəmsallaşdığı halda, Ləj kənd məktəbi sanki keçmiş əsrdə ilişib qalıb"

Valideynin sözlərinə görə, bu təhsil müəssisəsi Milli Qəhrəman Əsgər Əliyevin təhsil aldığı məktəbdir, lakin burada akt zalı, idman zalı və texnologiya otağı yoxdur. O həmçinin məktəbin yeməkxanasının standartlara cavab vermədiyini, sinif otaqlarında işıqlandırmanın zəif olduğunu və sanitar qovşaqla bağlı problemlərin mövcudluğunu vurğulayıb.

"Hansını sayım, bilmirəm. Bu məktəb Milli Qəhrəmanımız Əsgər Əliyevin oxuduğu müəssisədir. Amma akt zalı, idman zalı, texnologiya otağı yoxdur. Hər şeyi keçdik, məktəbin yeməkxanası da standartlara cavab vermir. Sinif otaqlarında işıqlandırma zəifdir. Sanitar qovşağını heç demirəm belə..."

Hərbi hazırlıq otağı və elektron lövhə yoxdur

Rzayevanın sözlərinə əsasən, məktəbdə hərbi hazırlıq və çağırışaqədərki hazırlıq otağı da mövcud deyil. Bu səbəbdən şagirdlərə vətənpərvərlik ruhunun və ilkin hərbi biliklərin aşılanması formal xarakter daşıyır.

Şagirdlər idman dərslərini ya açıq torpaq sahədə, ya da sinif otaqlarında keçməyə məcburdurlar. Məktəbdə elektron lövhənin belə olmaması şagirdləri müasir təhsil vasitələrindən kənarda qoyub.

"Şagirdlər müasir təhsil imkanlarından məhrum edilib. Təhsil ocağı yox, baxımsız bina görüntüsü yaranıb"

Çəpərin yararsızlığı təhlükə yaradır

Şikayətçi ən ciddi problem kimi məktəb ərazisini əhatə edən çəpərin tamamilə sıradan çıxmasını göstərib. Onun sözlərinə görə, bu vəziyyət istənilən şəxsin məktəb ərazisinə maneəsiz daxil olmasına şərait yaradır və bu, həm müəllimlərin, həm də şagirdlərin təhlükəsizliyi üçün ciddi risk təşkil edir.

"Ümumiyyətlə məktəb baxımsız vəziyyətdədir. Belə çıxır ki, istənilən şəxs rahat şəkildə məktəb ərazisinə daxil ola bilər. Bu isə həm müəllimlərin, həm də şagirdlərin təhlükəsizliyi üçün ciddi risdir. Sabah xoşagəlməz hadisə baş versə, bunun məsuliyyətini kim daşıyacaq?"
"Niyə kənd uşaqlarının hansı şəraitdə təhsil alması məsul şəxsləri maraqlandırmır? Aidiyyəti qurumlara bununla bağlı müraciət etmişik, amma nəticə yoxdur"

Regional Təhsil İdarəsindən açıqlama

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb. İdarədən verilən cavabda bildirilib ki, sözügedən məktəbdə 2023–2024-cü illərdə təmir-bərpa işləri həyata keçirilib.

"Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təchiz olunması, yeni təhsil müəssisələrinin tikilməsi və mövcud binaların təmiri idarənin əsas prioritet istiqamətləri sırasındadır. Hazırda idarənin tabeliyində fəaliyyət göstərən 62 təhsil müəssisəsində təmir işləri aparılır və Bilik Günündə Cəlilabad rayonunun Musalı və Kövüzbulaq kəndləri, eləcə də Lənkəran rayonunun Viyən kənd tam orta ümumtəhsil məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilib. Lənkəran rayonu Natiq Aslanov adına Ləj kənd tam orta ümumtəhsil məktəbində isə təmir işləri aparılıb. Belə ki, dam örtüyü yenilənib, mövcud sanitar qovşaq bərpa edilib, əlavə sanitar qovşaq inşa olunub, dəhlizlərdə döşəmə örtüyü dəyişdirilib, pəncərələr yenilənib, istilik sistemi isə tamamilə yenidən qurulub. Məktəb binasının uyğunlaşdırılmış olması səbəbindən burada ayrıca akt və idman zallarının, eləcə də bəzi ixtisaslaşmış otaqların təşkili üçün müvafiq imkanlar məhduddur. Vuğulayırıq ki, təhsil müəssisələrində təlim-tədris prosesinin fasiləsizliyinin təmin edilməsi bizim üçün prioritetdir və bu istiqamətdə bütün zəruri addımlar atılır. Qeyd edirik ki, adıçəkilən təhsil müəssisəsinin mövcud infrastrukturunun daha da yaxşılaşdırılması üçün dəyərləndirmələr aparılır. Bildiririk ki, təhsil müəssisəslərinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir"