Bakıda keçirilən Azərbaycan-Türkiyə polis əməkdaşlığı üzrə 9-cu işçi görüşü çərçivəsində daxili işlər naziri Vilayət Eyvazov Türkiyənin Emniyet Baş İdarəsinin rəisi Ali Fidanla görüşüb.
Azərbaycan və Türkiyənin Daxili İşlər nazirlikləri arasındakı polis əməkdaşlığı üzrə 9-cu işçi görüşü Bakıda keçirilir. Tədbirdə iştirak üçün Türkiyənin Daxili İşlər Nazirliyinin Emniyet Baş İdarəsinin rəisi Ali Fidanın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə gəlib.
Qonaqlar ilk olaraq Fəxri xiyabana baş çəkib, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Eyni zamanda tanınmış oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət olunub və məzar üstünə gül dəstələri qoyulub.
Bundan sonra Azərbaycan daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Ali Fidan və onun rəhbərlik etdiyi heyətlə görüşüb. Görüş zamanı nazir Eyvazov iki ölkənin daxili işlər qurumları arasındakı əlaqələrin yüksək səviyyədə qurulduğunu vurğulayıb.
O, Azərbaycan və Türkiyənin hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinin vacibliyini bildirib. Nazir belə işçi görüşlərinin təcrübə mübadiləsinə və praktiki əməkdaşlığın səmərəliliyinin artırılmasına töhfə verəcəyinə inamını ifadə edib.
Öz növbəsində nümayəndə heyətinin rəhbəri Ali Fidan göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, iki ölkənin müvafiq qurumları arasındakı əməkdaşlığın nəticəli olduğunu qeyd edib.
Ali Fidan qlobal təhdidlərə, o cümlədən müxtəlif növ cinayətkarlığa qarşı birgə mübarizənin əhəmiyyətini qeyd edib.
Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün də iştirak edib.