ABŞ-də fiber-optik kabel kəsildi, 5600 uçuş ləğv edildi
22 sen 2026 Post redaksiyası 5 2 dəq

ABŞ-də fiber-optik kabel kəsildi, 5600 uçuş ləğv edildi

ABŞ-nin Nyu-Cersi ştatında tikinti işləri gedərkən fiber-optik kabelin təsadüfən zədələnməsi nəticəsində ölkə üzrə 5600-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib.

ABŞ-nin Nyu-Cersi ştatında aparılan tikinti işləri zamanı fiber-optik kabel və telekommunikasiya dövrəsi təsadüfən zədələnib. Bu texniki problem Nyu-York, Boston və Filadelfiya hava limanlarında ciddi fasilələrə gətirib çıxarıb.

"FlightAware" izləmə xidmətinin verdiyi məlumata əsasən, hadisə nəticəsində ölkə daxilində 5600-dən artıq reys təxirə salınıb və ya tamamilə ləğv edilib. Yalnız Nyu-York ərazisindəki üç hava limanında 1200-ə yaxın uçuş təxirə salınıb və ya ləğv olunub, 100-dən çox təyyarə isə başqa hava limanlarına istiqamətləndirilib.

Nazir vəziyyəti izah edib

ABŞ-nin nəqliyyat naziri Şon Daffi bildirib ki, Nyu-Cersi ştatında tikinti işləri aparan heyət fiberoptik kabeli təsadüfən kəsib. Onun sözlərinə görə, bu hadisə telekommunikasiya sistemində ciddi nasazlığa yol açıb.

Federal Aviasiya Administrasiyasının rəhbəri Brayan Bedford isə bildirib ki, Filadelfiyadakı hava hərəkətinin idarə olunması mərkəzində əsas rabitə xətti də nasaz vəziyyətdədir. Onun sözlərinə görə, ehtiyat xəttin bərpası təxminən 13 saat çəkə bilər.

Sistemin modernləşdirilməsinə vəsait ayrılıb

Qeyd edilib ki, ABŞ Konqresi ötən il köhnəlmiş hava nəqliyyatı idarəetmə sisteminin yenilənməsi üçün 12,5 milyard dollar məbləğində vəsait ayırıb. Nazir Şon Daffi isə bildirib ki, bu işlərin tam yekunlaşdırılması üçün əlavə olaraq 17,5 milyard dollar lazımdır.