Hollivud aktyoru Nikolas Keyc Los-Ancelesdə keçirilən tədbirdə 31 yaş kiçik həyat yoldaşı Riko Şibata ilə birlikdə görüntülənib və dəyişən xarici görünüşü ilə diqqət çəkib.
62 yaşlı aktyor "Lucas Museum of Narrative Art" muzeyinin açılış mərasimində iştirak edib. Tədbirdə o, 31 yaşlı həyat yoldaşı Riko Şibata ilə birgə kameralar qarşısına çıxıb.
Uzun illər tünd rəngli saçları ilə tanınan Nikolas Keyc bu dəfə tamamilə ağarmış saçları və saqqalı ilə görünüb. Cütlük qırmızı xalçada əl-ələ tutaraq pozlar verib.
Aktyor gecə üçün mavi rəngli smokinq pencəyi, ağ köynək, qara şalvar və günəş eynəyi seçib. Riko Şibata isə ağ rəngli geyimdə görüntülənib.
Aktyorun son görüntüləri iyun ayında Los-Ancelesdə keçirilən başqa bir tədbirdəki çıxışından xeyli fərqlənir. O zaman Keyc hələ də tünd saçlarla obyektivlərə görünmüşdü.
Nikolas Keyc və Riko Şibatanın münasibəti aktyorun Yaponiyada film çəkilişlərində olduğu dövrdə başlayıb. Cütlük 2021-ci ilin fevral ayında Las-Veqasda kiçik və qapalı bir mərasimlə ailə həyatı qurub.
Onların Avqust Françeska adlı qızı 2022-ci ilin sentyabr ayında dünyaya gəlib. Riko Şibata aktyorun beşinci rəsmi həyat yoldaşıdır.
Bundan əvvəl Nikolas Keyc Patrisiya Arkett, Liza Mari Presli, Elis Kim və Erika Koyke ilə evlilik həyatı yaşayıb. Aktyorun əvvəlki münasibətlərindən Veston və Kal-El adlı iki oğlu da dünyaya gəlib.