Yasamal rayonunda xeyriyyə təşkilatının nümayəndəsi kimi özünü təqdim edərək vətəndaşdan pul və qızıl-zinət əşyaları ələ keçirən 70 yaşlı qadın polis tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Yasamal rayonu ərazisində dələduzluq faktı aşkarlanıb. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Saxlanılan şəxsin 70 yaşlı N.Məhərrəmova olduğu bildirilib. Qeyd olunub ki, o, əvvəllər də dələduzluq əməllərinə görə dəfələrlə məhkum edilib.
Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, N.Məhərrəmova özünü xeyriyyə təşkilatının nümayəndəsi kimi təqdim edərək zərərçəkmiş şəxsin evinə daxil olub. O, maddi yardım göstərəcəyi vədi ilə həmin şəxsdən 2250 manat pul və 800 manat dəyərində qızıl-zinət əşyaları alıb.
Sonradan məlum olub ki, N.Məhərrəmova ələ keçirdiyi qızıl-zinət əşyalarını satıb.
Fakt üzrə istintaq prosesi hazırda davam etdirilir.