Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Qusar rayonunda Qusar və Quba rayonlarının sakinlərini qəbul edərək müraciətlərinə baxıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Qusar rayonunda keçirdiyi qəbulda Qusar və Quba rayonlarının sakinləri ilə görüşüb. Qəbuldan öncə nazir Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzovla birgə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Görüş zamanı vətəndaşlar məşğulluq, əlillik, reabilitasiya vasitələri ilə təmin olunma və ünvanlı sosial yardım kimi mövzularda müraciətlərini bildiriblər. Onların arasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da yer alıb.
Hər bir müraciət ayrılıqda araşdırılıb və nəticəyə uyğun addımlar atılıb. Sorğu xarakterli sualları olan vətəndaşlara isə qanunvericiliyə əsaslanan izahatlar verilib. Bundan əlavə, iştirakçılar aktiv məşğulluq və özünüməşğulluq proqramlarına cəlb olunmaq üçün qeydiyyata alınıblar.
Qəbul başa çatdıqdan sonra nazir özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlarla tanış olub. Baxış Qusar rayon sakinləri Samin Oruc oğlu Mustafayevin və Səyyarə Sadulla qızı Davudovanın təsərrüfatlarında keçirilib.
Proqramın verdiyi dəstək nəticəsində S.Mustafayevə avtoelektrik xidmətləri sahəsində, S.Davudovaya isə maldarlıq istiqamətində fəaliyyət göstərmək üçün lazımi aktivlər ayrılıb. Beləliklə, hər iki sakin öz kiçik biznesini qurmaq imkanı əldə edib.
Onlar işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd olunub ki, bu günədək özünüməşğulluq proqramı çərçivəsində Qusar rayonunda 1311 nəfər üçün kiçik təsərrüfatlar yaradılıb.