Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yevlax şəhərində şəhid ailələrinə və müharibə əlillərinə 50 mənzil, hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə isə 19 avtomobil təqdim edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzilin, müharibə və hərbi xidmət zamanı əlilliyi olan şəxslərə isə daha 19 avtomobilin sənədlərini təqdim edib.
Mənzillərin təqdimatı Yevlax şəhərindəki MİDA Yaşayış Kompleksində keçirilib. Tədbirdə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov və Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev iştirak edib.
Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Zəfərdən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişləndirilib. Bu gün paylanan mənzillər nəzərə alınmaqla, postmüharibə dövründə həmin kateqoriyalara aid şəxslərə 7350-dən çox, ümumilikdə isə ötən dövr ərzində 16 mindən artıq mənzil verilib.
Avtomobillərin verilməsi mərasimində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Faiq Ağayev şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Vətən müharibəsindən sonra dövlət başçısının tapşırığı ilə şəhid ailələri və müharibə iştirakçıları genişmiqyaslı sosial dəstək proqramı ilə əhatə olunub.
Qeyd edilib ki, bu dəstəyin bir hissəsi də müharibə və hərbi xidmət zamanı əlilliyi olan şəxslərin avtomobillə təmin edilməsidir. Bu gün verilən 19 avtomobil daxil olmaqla, postmüharibə dövründə həmin şəxslərə 586, ümumilikdə isə ötən dövrdə 7700-dən çox avtomobil təqdim olunub.
Yeni mənzil və avtomobil sahibi olan şəxslər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.