Efiopiyada başları bir-birinə bitişik doğulan 2 yaşlı iki bacı ABŞ-də keçirilən mürəkkəb əməliyyatdan sonra bir-birindən ayrılıb.
Efiopiyada dünyaya gələn Hiyab və Vuhbto adlı bacılar başları bitişik vəziyyətdə doğulublar. İki yaşlı qızlar cərrahi əməliyyat üçün ABŞ-ə aparılıb və burada bir-birindən uğurla ayrılıblar.
Mürəkkəb əməliyyat zamanı müxtəlif ixtisaslara malik həkim heyəti birgə çalışıb. Hazırda bacılar Missuri ştatındakı Renken Cordan Bric pediatrik xəstəxanasında intensiv müalicə və bərpa kursu keçirlər.
Tibb işçiləri əməliyyatın qızların gələcək inkişafına necə təsir edəcəyi barədə hələlik dəqiq proqnoz vermirlər. Ayrıldıqdan sonra hər bir bacı artıq fərdi şəkildə reabilitasiyadan keçmək imkanı əldə edib.
Qızlar hazırda müstəqil oturmağı, yemək yeməyi və danışmağı öyrənirlər. Bundan başqa, onlar bir-biri ilə və ətrafdakı digər uşaqlarla ünsiyyət qurmağa da başlayıblar. Mütəxəssislərin növbəti hədəfi isə bacılara ayaq üstə durmaq və yeriməyi öyrətməkdir.
Bu çətin prosesin təşkilində ABŞ və Efiopiyanın tibb və xeyriyyə qurumları, eləcə də bir sıra beynəlxalq tərəfdaşlar iştirak edib.
Bitişik doğulan əkizlərə tibbdə olduqca az rast gəlinir — bu hadisə təxminən hər 50-100 min canlı doğuşdan birində müşahidə olunur. Maraqlıdır ki, bitişik əkizlər arasında qız uşaqlarının sayı oğlanlarla müqayisədə təxminən üç qat çoxdur.
Bu anomaliya hamiləliyin ən ilkin mərhələsində, eyni yumurta hüceyrəsindən inkişaf edən embrionların bölünmə prosesinin pozulması nəticəsində yaranır. Adətən mayalanmış yumurta hüceyrəsi ilk beş-altı gün ərzində iki ayrı embriona bölünür. Əgər bu bölünmə gecikib mayalanmadan sonrakı 13-15-ci günlərdə baş verirsə, embrionlar tam ayrıla bilmir və nəticədə bitişik əkizlər dünyaya gəlir.