Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon Ağsaqqallar Şurasının konfransı keçirilib, konfransda şuranın yeni idarə heyətinin 20 üzvü təqdim olunub.
Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon Ağsaqqallar Şurasının növbəti konfransı baş tutub. Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Ağsaqqallar Şurasının sədri Etibar İmanov, şuranın təzəcə seçilmiş idarə heyətinin 20 nəfərlik heyəti və başqa rəsmi şəxslər iştirak ediblər.
Çıxış edən Əziz Əzizov ilk növbədə yeni seçilmiş idarə heyəti üzvlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyət arzulayıb. O, ağsaqqalların cəmiyyətin həyatındakı önəmli yerindən, onların topladıqları zəngin təcrübə və müdrik məsləhətlərinin ictimai münasibətlərin sağlam təməllər üzərində formalaşmasına verdiyi töhfədən bəhs edib.
Rayon rəhbəri həmçinin Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan dövlət siyasətində ağsaqqallara ayrıca diqqət və qayğı göstərildiyini vurğulayıb. Onun sözlərinə görə, Beyləqan Rayon Ağsaqqallar Şurasının işi rayonun ictimai həyatına fəal qatılmanın təmin olunması, milli-mənəvi dəyərlərin qorunması və gənclərin doğru yolda tərbiyə olunması baxımından böyük əhəmiyyət kəsb edir.
Əziz Əzizov çıxışının sonunda şura üzvlərinin öz təcrübələri və məsləhətləri ilə bundan sonra da rayonun ictimai həyatına dəyərli töhfələr verəcəyinə əmin olduğunu bildirib.
Ağsaqqallar Şurasının sədri Etibar İmanov da öz növbəsində çıxış edərək Prezident İlham Əliyevin ağsaqqallara göstərdiyi yüksək diqqət və qayğının onların ictimai fəaliyyətinə ciddi təkan verdiyini qeyd edib. O, şuranın rayon daxilindəki fəaliyyəti, indiyədək görülmüş işlər və yeni seçilmiş idarə heyətinin tərkibi haqqında iştirakçılara ətraflı məlumat verib.
Etibar İmanov Beyləqan Rayon İcra Hakimiyyətinin şuranın işinə göstərdiyi diqqət və dəstəyin böyük dəyər daşıdığını xüsusi vurğulayıb. O, rayon rəhbərliyinə qarşılıqlı əməkdaşlıq və mənəvi dəstəyinə görə minnətdarlığını bildirib.
Tədbir zamanı şuranın yeni seçilmiş idarə heyətinin üzvləri, eləcə də digər natiqlər çıxış edərək ağsaqqalların ictimai həyatdakı fəal iştirakından, şuranın qarşıdakı dövr üçün planlaşdırdığı fəaliyyət istiqamətlərindən və ağsaqqalların təcrübəsindən rayonun mənafeyi üçün daha səmərəli şəkildə yararlanmağın vacibliyindən danışıblar.
Konfransın sonunda Ağsaqqallar Şurasının yeni seçilmiş idarə heyəti üzvlərinə üzvlük vəsiqələri təqdim olunub. Tədbir iştirakçılarının birgə xatirə şəkli çəkdirməsi ilə konfrans başa çatıb.