Nəsimi rayonunda Ceyhun Hacıbəyli küçəsinin bir hissəsində yeraltı kommunikasiya xətlərinin çəkilişindən sonra yol örtüyü bərpa ediləcək və bu müddətdə hərəkət məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ceyhun Hacıbəyli küçəsində aparılan qazıntı işlərinin başa çatdığı hissədə yol örtüyünün bərpa olunacağını bildirib.
Agentliyin yaydığı məlumata görə, təmir-bərpa işlərinin qısa vaxtda tamamlanması üçün istirahət günlərindən istifadə ediləcək və işlər sürətli tempdə aparılacaq.
Bildirilib ki, 18 sentyabr saat 23:00-dan 20 sentyabr saat 02:00-dək Nəsimi rayonunda Ceyhun Hacıbəyli küçəsinin Ənvər Qasımzadə küçəsi ilə Hənifə Ələsgərov küçəsi arasında qalan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılacaq.
Sürücülərdən qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
Agentlik sürücülərə həmin tarixlərdə marşrutlarını əvvəlcədən planlaşdırmağı və mümkün qədər alternativ yollardan istifadə etməyi tövsiyə edib.