Günel Babayeva Çində qızıl medal qazanan ilk əcnəbi oldu
19 sen 2026 Post redaksiyası 3 2 dəq

Günel Babayeva Çində qızıl medal qazanan ilk əcnəbi oldu

Azərbaycanlı interyer dizayner Günel Babayevanın hazırladığı "JUNO – Buludlar üzərində ilahi ziyafət" adlı restoran konsepsiyası Çində keçirilən beynəlxalq dizayn müsabiqəsində qızıl medala layiq görülüb.

Mükafat 8 sentyabr 2026-cı ildə Çin Xalq Respublikasında təşkil olunan XII Memarlıq-Dekorasiya Dizayn Sənəti Əsərləri Sərgisi və Dizayn Əsərləri Müsabiqəsi çərçivəsində təqdim edilib. Bununla Babayeva 1984-cü ildən bəri keçirilən bu müsabiqədə qızıl medal alan ilk xarici vətəndaş statusunu qazanıb.

Tədbiri Çin Memarlıq Dekorasiya Assosiasiyası (CBDA) təşkil edib, məqsəd memarlıq, dekorasiya və interyer sahəsində seçilmiş işlərin nümayişi və mütəxəssislər arasında təcrübə mübadiləsinin təmin olunmasıdır. Bu ilki tədbirdə iştirakçıların sayı 10 min nəfəri ötüb.

"JUNO" layihəsi haqqında

Qalib gələn "JUNO" konsepsiyası Bakıdakı Mercure Baku City Hotel-in 13-cü mərtəbəsində fəaliyyət göstərən tematik restoranın interyer həllidir. Layihədə Roma mifologiyasının ilahələr kraliçası hesab olunan Juno surəti, Bakının "Odlar şəhəri" kimliyi və hündür mərtəbədən görünən şəhər mənzərəsi vahid dizayn ideyasında birləşib.

Məkanın əsas kompozisiya ünsürlərini səhnə hissəsi və tavan konstruksiyası təşkil edir. Səhnənin ortasında yerləşdirilmiş qızılı rəngli "Juno" loqosu və mifik fiqurlar interyerə teatral notlar qatır. Qıvrım tavan detalları, isti tonlu işıqlandırma zolaqları və taxta strukturlar isə giriş hissəsindən bara, oradan yemək zalına və səhnəyə qədər bütöv vizual ardıcıllıq yaradır.

Rəng paletində qızılı, tünd qırmızı və tünd mavi çalarlara üstünlük verilib, materiallardan isə taxta, mis, daş, metal və güzgü səthləri işlədilib. Nəticədə hotelin 13-cü mərtəbəsi restoran, bar, canlı ifa və ünsiyyət funksiyalarını özündə cəmləşdirən, qastronomiyanı şəhər mənzərəsi və əyləncə ilə birləşdirən məkana çevrilib.

Dizaynerin əvvəlki uğurları

Günel Babayevanın işləri bundan öncə də beynəlxalq müsabiqələrdə fərqləndirilib. Müəlliflərindən biri olduğu şəhərsalma layihəsinə görə o, 2025-ci ildə "International Design Awards" (IDA) təşkilatından gümüş medal qazanıb. Eyni layihə "Youth Sustainable Innovation Summit" (YSE) çərçivəsində keçirilən "2025 Green Award" müsabiqəsində qızıl mükafata layiq görülüb.