Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Bərdədə gənclər arasında vətənpərvərlik mövzusunda maarifləndirici tədbir keçirilib.
Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə şəhərdə “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” adlı tədbir təşkil olunub. Tədbiri açılış nitqi ilə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev başlayıb.
Vidadi İsayev bildirib ki, bu cür görüşlər gənclərdə vətənpərvərlik duyğusunun güclənməsinə müsbət təsir göstərir.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov çıxış edib. Onunla yanaşı, İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov və Bərdə rayon şöbəsinin rəisi polkovnik Nağı Cəfərov da gənclərə müraciət ediblər.
Çıxışlarda vətənpərvərlik tərbiyəsi, qalib ölkənin hərbçisi olmağın üstünlükləri, sağlam həyat tərzi, təhsil möhləti və hərbi xidmətlə bağlı qanunvericilik məsələləri ətraflı izah olunub.
Tədbir çərçivəsində narkotik maddələrdən uzaq durmaq mövzusunda da diqqət çəkilib. Gənclərin fəal iştirakı ilə “Narkotiklərə yox deyək!” adlı maarifləndirici çıxışlar edilib.
Görüşdə iştirak edən Vətən müharibəsi iştirakçısı və digər qonaqlar da öz təəssüratlarını gənclərlə bölüşüblər.
Qeyd olunub ki, oxşar tədbirlər ölkənin müxtəlif rayonlarında keçirilir və bu proqramın növbəti aylarda da davam etdirilməsi nəzərdə tutulur.