Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə 27 Sentyabr Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib, Qaradağ rayonunda 500 ağac əkilib.
Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca 27 Sentyabr Anım Gününə həsr olunan ağacəkmə tədbiri təşkil edilib. Tədbiri Bakı Şəhər İcra Hakimiyyəti “Regional İnkişaf” İctimai Birliyi ilə birgə həyata keçirib.
Aksiyada Bakı Şəhər və Qaradağ Rayon İcra Hakimiyyətlərinin rəhbər şəxsləri, əməkdaşları, müxtəlif struktur bölmələrinin işçiləri, eləcə də İctimai Birliyin könüllüləri iştirak edib. Əvvəlcə tədbir ərazisi yararsız tullantılardan təmizlənib, ardından burada 500 ədəd yeni ağac əkilib.
Əkilən ağaclar Abşeron yarımadasının torpaq və iqlim xüsusiyyətlərinə uyğun növlərdən ibarətdir. Bu addım Bakıda quraqlığa davamlı bitkilərin, yerli şəraitə uyğun ağac və kolların artırılması istiqamətində aparılan işlərin davamı kimi qiymətləndirilir.
Aksiyanın həm də paytaxtda ekoloji tarazlığın bərpasına və ərazilərin görünüşünün yaxşılaşdırılmasına xidmət etdiyi bildirilir.
Əkilmiş ağacların gələcəkdə düzgün qulluq alması üçün suvarma sistemi ilə bağlı məsələlər artıq həll edilib, bu işə görə məsul şəxslər də müəyyənləşdirilib. Bildirilir ki, mövsüm boyu Bakı şəhərinin yaşıllaşdırılması, mövcud yaşıllıqların qorunması və abadlıq işləri davam etdiriləcək.