Estetik əməliyyatdan sonra gözlərində ciddi problem yaranan Aygün Məhəmmədova onu əməliyyat edən həkimdən şikayətçi olduğunu bildirib.
Aygün Məhəmmədova 2025-ci ilin martında keçirdiyi göz qapağı əməliyyatından sonra yaranan sağlamlıq problemləri ilə bağlı bu barədə müraciət edib. Onun sözlərinə görə, əməliyyatdan sonra gözləri tam bağlanmır və bu səbəbdən quruluq, sulanma kimi əlavə problemlər yaranıb.
Məhəmmədova bildirib ki, əməliyyatdan yeddi ay sonra üzündə iflic əmələ gəlib. O, bu vəziyyətlə bağlı özünü əməliyyat edən 'Medihall Hospital'ın həkimi Məryəm Abbasovaya dəfələrlə müraciət etsə də, problem həll olunmayıb.
Gözlərim yatanda da açıq qalır, sulanma olur. Əməliyyatdan 7 ay sonra üzümdə iflic yaranıb. Bununla bağlı məni əməliyyat edən 'Medihall Hospital'ın həkimi Məryəm Abbasovaya dəfələrlər şikayətimi bildirsəm də, o mənə bir müddət də gözləməli olduğumu deyib. Artıq bir il altı aydır ki, şikayət etsəm də, məsuliyyətdən yayınır və heç bir tədbir görmür. İstəyirdim ki, ödənişimi geri versin, başqa həkimə əməliyyat etdirim, lakin pulumu qaytarmır.
Şikayətçinin bildirdiyi problemlərlə əlaqədar 'Medihall Hospital'a göndərilən sorğuya hazırda cavab verilməyib. Məsələ ilə bağlı yalnız əməliyyatı həyata keçirən həkim Məryəm Abbasova münasibət bildirib.
Abbasova müraciətə cavab olaraq məhkəmənin qərarını təqdim edib. Həmin qərarda bildirilir ki, onun əməlində cinayət tərkibi aşkar edilməyib.
Məhkəmənin qərarına əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi əsas götürülərək bu faktla bağlı cinayət işinin başlanmasından imtina edilib.