Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan sentyabrın 22-də Bakıya gəldiyi gün ölkəsinə geri qayıdıb.
Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan sentyabrın 22-də Bakıda keçirilən IV Bakı Təhlükəsizlik Forumunda iştirak edib. Onun səfəri elə həmin gün başa çatıb.
Qriqoryanın gəldiyi təyyarə yerli vaxtla saat 23:40-da İrəvana qayıdıb. İlkin məlumata görə, uçuş saat 21:40-da planlaşdırılsa da, eniş faktiki olaraq iki saat gecikməklə baş tutub. Gecikmənin səbəbi açıqlanmayıb.
Hava limanında olarkən erməni jurnalistlər Qriqoryana bir sıra suallar ünvanlayıblar. Xüsusilə Bakıda saxlanılan separatçı ermənilərin geri qaytarılması mövzusunun forum çərçivəsində müzakirə olunub-olunmadığı maraq doğurub.
Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri isə bu suallara heç bir cavab verməyib.
Sentyabrın 22-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə IV Bakı Təhlükəsizlik Forumu öz işinə başlayıb. Tədbirdə beynəlxalq təşkilatların, habelə 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksək səviyyəli nümayəndələri iştirak edib.
Forumun mövzusu "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" kimi müəyyənləşdirilib.