Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 27 Sentyabr – Anım Günü münasibətilə silsilə tədbirlər təşkil edib.
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin əməkdaşları 27 Sentyabr – Anım Günü ilə bağlı bir sıra tədbirlərdə iştirak edib. İlk olaraq Hərbi Memorial Məzarlığına baş çəkilib.
Ölkənin ərazi bütövlüyü, azadlığı və suverenliyi yolunda həlak olmuş şəhidlərin məzarları üzərinə tər çiçəklər qoyulub, onların xatirəsi ehtiram ifadə edilərək yad edilib.
Silsilə tədbirlərin davamı olaraq paytaxtın Nərimanov rayonunda, Nərimanov bələdiyyəsi tərəfindən Bakı Regional Mərkəzinə ayrılmış yaşıllıq sahəsində ağacəkmə aksiyası keçirilib.
Aksiya zamanı şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq müxtəlif ağac növləri əkilib, əkilən ağaclara zəruri aqrotexniki qulluq göstərilib.
Bundan sonra Bakı Regional Mərkəzin binasında anım mərasimi təşkil olunub. Tədbirdə Mərkəzin rəisi polkovnik Elnur Məhərrəmov, Milli Məclisin deputatı Aydın Hüseynov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid baş leytenant Azad Hümbətovun atası Arif Hümbətov, həmçinin Vətən müharibəsi iştirakçıları və Mərkəzin işçiləri iştirak edib.
Mərasim iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsinə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla yad edib. Sonra tədbir Dövlət Himninin ifası və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə davam edib.
Tədbiri giriş sözü ilə açan Bakı Regional Mərkəzin rəisi polkovnik Elnur Məhərrəmov cəmi 44 gün davam edən və tarixi Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsində, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan danışıb və qazanılan Qələbənin əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən digər natiqlər bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatına cavab olaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatı nəticəsində 44 günlük Vətən müharibəsi tarixi Zəfərlə nəticələnib və işğal altında olan torpaqlar azad edilərək ölkənin ərazi bütövlüyü bərpa olunub.
Qeyd olunub ki, torpaqların azad edilməsi zamanı əsgər və zabitlər misilsiz şücaət göstərib, qəhrəmanlıqları ilə adlarını Azərbaycan tarixinə həmişəlik yazıb.
Tədbirin sonunda Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.