Şirvan Peşə Liseyində "istehsalat üzrə menecer" vəzifəsində çalışan 42 yaşlı Nuridə Muradovanın əmək müqaviləsinə 20 illik iş stajından sonra xitam verilib. Qadın bu qərarın əsassız olduğunu bildirərək müraciət edib.
Şirvan Peşə Liseyində "istehsalat üzrə menecer" vəzifəsində çalışan 42 yaşlı Nuridə Muradova 2006-cı ildən həmin təhsil müəssisəsində fəaliyyət göstərdiyini, indi isə əmək müqaviləsinə xitam verildiyini bildirib.
N. Muradovanın sözlərinə görə, əvvəllər liseydə yarımştat laborant kimi çalışıb. Bir müddət sonra o dövrün direktoru onun ixtisasının ləğv olunacağını və işdən çıxarılacağını bildirsə də, Agentliyin nümayəndəsinin etirazı səbəbindən vəzifəsində qalıb.
"Bir müddət sonra mənə 'istehsalat üzrə menecer' vəzifəsi təklif edildi. Bu vəzifənin gələcək karyeram üçün perspektivli olduğunu dedilər. Həmin vaxt çoxsaylı müəllim, usta, texniki və inzibati işçilərin işə qəbul edilərək onların bir qismi ilə müddətli əmək müqavilələri bağlanırdı. Mənimlə də müddətli əmək müqaviləsi bağlandı. Lakin əmək müqaviləmin vaxtı bitməmiş Peşə Təhsili üzrə Dövlət Agentliyindən dedilər ki, 'istehsalat üzrə menecer' vəzifəsi peşə liseyinin fəaliyyətinə uyğun deyil və liseydə istehsalat sahəsi yoxdur", - deyə o bildirib.
Nuridə Muradova bu qərarın verilməsi üçün heç bir əsaslı səbəbin olmadığını iddia edib. Onun sözlərinə görə, lisey istehsalatla birbaşa bağlı fəaliyyət göstərir və tələbələr müxtəlif məhsullar hazırlayırlar.
"Bu ixtisas necə ləğv edilə bilər? Liseydə istehsalatla bağlı dərslər keçirilir və tələbələrin müxtəlif məhsullar, o cümlədən gil qabları, bayraqlar və xalatlar hazırlayır. Artıq ayın 15-dən xitam ərizəm göndərilib. Bu problemlərin həll edilməsini və yeganə gəlir mənbəyimin lisey olduğunu vurğulayaraq xahiş edirəm ki, əmək müqaviləmin müddəti uzadılsın", - o qeyd edib.
Nuridə Bayramova həmçinin menecer vəzifəsində çalışdığı müddətdə tutulmalardan sonra orta aylıq əməkhaqqının 470 manat olmasına baxmayaraq, kartına bundan az məbləğin köçürüldüyünü iddia edir.
Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə sorğu ünvanlanıb. Qurumdan verilən cavabda bildirilib ki, məsələ araşdırılıb və nəticələr müəyyən edilib.
"Nuridə Muradova ilə bağlanılmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 'b' bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən xitam verildiyi müəyyən olunub. Vətəndaşın müraciətində qeyd etdiyi ikinci məsələ olan əməkhaqqı ödənişlərinin natamam həyata keçirilməsi ilə bağlı iddialara münasibətdə isə bildiririk ki, məsələ ilə əlaqədar müəssisə rəhbərliyindən şifahi izahat tələb edilib, sözügedən iddiaların həqiqəti əks etdirmədiyi, əməkhaqqının hesablanması və ödənilməsi zamanı hər hansı uyğunsuzluğun olmadığı bildirilib", - deyə Agentliyin cavabında qeyd olunub.