Maykl Ceksonun anasına hədiyyə etdiyi Rolls-Royce satışa çıxıb
19 sen 2026 Post redaksiyası 4 1 dəq

Maykl Ceksonun anasına hədiyyə etdiyi Rolls-Royce satışa çıxıb

Pop musiqisinin əfsanəsi Maykl Ceksonun 1984-cü ildə anası Ketrin Ceksona Analar günü münasibətilə hədiyyə etdiyi klassik "Rolls-Royce Silver Spur" markalı lüks avtomobil satışa çıxarılıb.

Pop musiqisinin əfsanəsi Maykl Ceksonun ailəsinə məxsus qiymətli bir yadigar hərraca çıxarılıb. Söhbət ulduzun 1984-cü ildə anası Ketrin Ceksona Analar günü hədiyyəsi olaraq bağışladığı klassik "Rolls-Royce Silver Spur" markalı avtomobildən gedir.

BWLYM nömrəsinin mənası

Avtomobili kolleksiyaçılar üçün xüsusi edən əsas cəhətlərdən biri onun üzərindəki fərdi dövlət qeydiyyat nişanıdır. "BWLYM" işarəsi "Because We Love You Mother" (Çünki səni sevirik, ana) ifadəsinin qısaldılmış formasıdır və Maykl Ceksonun anasına olan bağlılığını əks etdirir.

Bildirilib ki, bu nömrə nişanı ayrıca çərçivəyə salınaraq avtomobilin yeni sahibinə təqdim ediləcək.

Avtomobilin vəziyyəti və qiyməti

Ağ rəngli lüks avtomobilin yürüşü 73,400 mil, yəni təxminən 118,000 kilometrdir. Maşın illər boyu mükəmməl vəziyyətdə saxlanılıb.

Avtomobil ilk dəfə tanınmış "Cars & Bids" hərrac platformasında təqdim olunub. Hazırda isə onu Los-Ancelesdəki lüks avtomobil salonlarından biri 49,035 ABŞ dolları qiymətinə satışa çıxarıb.

Ceksonun irsi hələ də maraq doğurur

Maykl Cekson 25 iyun 2009-cu ildə, 50 yaşında vəfat edib. Onun şəxsi əşyaları bu gün də hərraclarda kolleksiyaçılar arasında böyük maraqla qarşılanır.