Hindistanın Maharaştra ştatında yaşayan 47 yaşlı Ramabay Ranvir qızının təhsil xərclərini ödəmək üçün ilk dəfə qatıldığı qaçış yarışını ayaqyalın başa vuraraq birinci yer tutub.
Hindistanın Maharaştra ştatının qərbindəki Bid rayonunun Ambacoqay şəhərində yaşayan 47 yaşlı tək ana Ramabay Ranvir avqust ayında keçirilən "Amrit Daud" adlı qaçış yarışında iştirak edib. Bu, onun həyatında ilk qaçış təcrübəsi olub. Heç bir peşəkar hazırlığı və idman ayaqqabısı olmayan Ramabay 30-60 yaş aralığındakı iştirakçılar arasında 3 kilometrlik məsafəni ən sürətli qət edərək birinci yeri tutub.
Qalib gələn qadın mükafat olaraq 3 min rupi, yəni təxminən 31 ABŞ dolları həcmində pul qazanıb. "BBC News Marathi"yə açıqlama verən Ramabay bu vəsaiti qızının məktəb üçün lazım olan kitab və dəftərxana ləvazimatlarına sərf etmək niyyətində olduğunu bildirib.
Ramabayın izahına görə, 22 yaşlı böyük qızı Puca bir səhər onun yanına gələrək qaçış yarışında iştirak etmək istədiyini bildirib.
"Qızım səhər tezdən yanıma gəldi və dedi: "Ana, qaçış yarışında iştirak etmək istəyirəm"", - Ramabay bildirib.
Qadının sözlərinə görə, o, qızından tədbirin harada keçiriləcəyini soruşub, Puca isə yarışın evlərinə yaxın yerdə olacağını deyib. Puca əlavə edib ki, əgər anası qalib gəlsə, qazanılan pul onun təhsilinə yönələ bilər.
Bundan bir müddət sonra Ramabayın kiçik qızı ilə bağlı çətinlik yaranıb. Qadın bildirib ki, Nandeddə yaşayan kiçik qızına kitab almaq üçün pul tapa bilmədiyinə görə səkkiz gün ərzində qızı onunla telefonla danışmayıb.
"Kiçik qızım Nandeddə yaşayır. Ona kitab almaq üçün pul verə bilmədim və buna görə də səkkiz gün ərzində telefonla mənimlə danışmadı. Buna görə qaçıb yarışı qazanmalı olduğuma qərar verdim", - Ramabay deyib.
"Mənim yeganə istəyim mükafatı qazanmaq idi", - o əlavə edib.
Ramabay yarışa sari geyimi və sandaletlərlə başlayıb. Lakin yağış yağmağa başlayan kimi sandaletləri sürüşməyə başlayıb və qadın onları çıxararaq əlində tutub, qalan məsafəni ayaqyalın qaçıb.
Yolun yaş və daşlı olduğunu bildirən Ramabay ayaqlarının iti daşlardan zədələndiyini, lakin bunun onu dayandıra bilmədiyini deyib.
"Bir qədər qaçdıqdan sonra yağışa görə sandaletlərim ayağımdan çıxmağa başladı. Onları çıxarıb bir əlimdə tutdum və ayaqyalın qaçmağa davam etdim. Yol yaş idi, xırda daşlar və iti çınqıllar ayaqlarımı ağrıdırdı", - o danışıb.
Ailəsi üçün hər gün mübarizə apardığını deyən Ramabay qaçış zamanı da bir qədər daha davam etmək qərarına gəldiyini bildirib.
"Düşündüm ki, ailəm üçün hər gün qaçıram, həmin gün də bir az daha qaçacağam", - deyə o qeyd edib.
Müsahibəsində yarışdakı məqsədinin şəxsi sübut olmadığını xüsusi vurğulayan Ramabay bildirib:
"Mən yarışı qazana biləcəyimi sübut etmək üçün qaçmadım. Qızımın təhsili üçün pula ehtiyacım olduğu üçün qaçdım".
O, sonradan əldə etdiyi bütün yardımları da qızlarının təhsilinə yönəltmək niyyətində olduğunu bildirib.
Hazırda Ambacoqay şəhərində bir neçə evdə aşpaz və köməkçi kimi işləyən Ramabay ayda təxminən 9 min rupi qazanır. Həyat yoldaşı 2012-ci ildə vəfat etdikdən sonra o, iki qızının bütün məsuliyyətini təkbaşına daşıyır.
Ramabayın sözlərinə görə, böyük qızı Puca polis olmaq üçün hazırlaşır, kiçik qızı Arati isə informasiya texnologiyaları sahəsində təhsil alaraq dövlət qulluğu imtahanına hazırlaşır.
Ramabay özü 13 yaşında məktəbi tərk edib. İllər boyu kənd təsərrüfatında çalışaraq soya, noxud və sarıkök yığıb, ailəsini dolandırmaq üçün müxtəlif işlərdə işləyib. Sonradan qızının təhsil aldığı hazırlıq kursunda aşpaz kimi çalışmağa başlayıb. Onun ən böyük arzusu qızlarının keyfiyyətli təhsil alması və özünün yaşadığı çətinlikləri onların yaşamamasıdır.
"Mən sadəcə istəyirəm ki, onlar xoşbəxt həyat yaşasınlar. Mənim çəkdiyim çətinlikləri onların da yaşamasını istəmirəm. Onların palçıq içində addımlamasını, günəşin istisində və ya yağış altında getməsini istəmirəm. Çəkdiyim bütün əziyyətləri onların yaşamasını istəmirəm", - Ramabay bildirib.
Ramabayın ayaqyalın qaçışı təkcə şəxsi mübarizə kimi deyil, Hindistanın kənd bölgələrində təhsilə çıxış imkanları ilə bağlı problemlərin göstəricisi kimi də müzakirə mövzusuna çevrilib. Şoma Sarkar adlı şəxs bu hekayə ilə bağlı sual verib:
"Bu, cəmiyyət olaraq bizim qələbəmizdir, yoxsa ayıbımız?"
Hekayə geniş yayıldıqdan sonra Ramabaya ölkənin müxtəlif guşələrindən dəstək göndərilməyə başlayıb. Bid rayon administrasiyası ona 50 min rupi maliyyə yardımı ayırıb, bir sıra şəxslər isə ailəyə pul, geyim, ayaqqabı və təhsil ləvazimatları göndərib.
Hindistan Ali Məhkəməsinin sədri Surya Kant Ramabay üçün əlavə 50 min rupi maliyyə yardımı ayrılması barədə göstəriş verib. Universitet Qrantlar Komissiyasının rəhbəri Suxadeo Torat isə bu hekayənin təhsil sahəsindəki sistemli problemlərə diqqət çəkdiyini bildirib.
Bütün bu dəstəyin fonunda Ramabay qızlarının gələcəyinə olan ümidini qoruyub saxlayır. Onun ən böyük arzusu övladlarının yaxşı həyat sürməsi və özünün keçdiyi ağır yoldan keçməmələridir.