Salyan rayonunda ayrı-ayrı ərazilərdə baş verən iki yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə nəfər xəsarət alıb.
Salyan rayonunda bir gün ərzində iki yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hər iki qəza nəticəsində yaralananlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Salyan-Neftçala avtomobil yolunun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində "Volvo" markalı yük maşını "VAZ-2107" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində hər iki avtomobilin sürücüləri - Bakı sakini, 1985-ci il təvəllüdlü Tağıyev Sərxan Hicran oğlu və Neftçala rayonu sakini, 1963-cü il təvəllüdlü Kərimov Əlvan Mikayıl oğlu xəsarət alıblar.
Bundan əlavə, minik avtomobilində olan Neftçala rayon sakinləri - 1984-cü il təvəllüdlü Eyniyeva Şəhla Ağacan qızı, 2013-cü il təvəllüdlü E.F. və 2015-ci il təvəllüdlü E.R. də müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
İkinci hadisə yeni Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Şəlalə Məmmədovanın idarə etdiyi minik avtomobili qəflətən idarəolunmaz vəziyyətə düşərək yolun kənarına aşıb.
Bu qəza nəticəsində avtomobili idarə edən sürücü, həmçinin sərnişinlər - Bakı şəhər sakinləri, 1977-ci il təvəllüdlü Məmmədova Könül Əli qızı və 2022-ci il təvəllüdlü M.T. müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hər iki hadisə ilə bağlı müvafiq strukturlar tərəfindən araşdırma aparılır.