Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 20 Sentyabr - Dövlət Suverenliyi Günü ərəfəsində şəhid ailələrinə və müharibə əlillərinə daha 36 mənzil verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 20 Sentyabr - Dövlət Suverenliyi Günü ərəfəsində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil təqdim edib. Yeni mənzillər MİDA-nın Hövsan Yaşayış Kompleksində yerləşir.
Mənzillərə aid sənədlərin təqdim olunması mərasimi 4 saylı DOST Mərkəzində baş tutub. Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev şəhid ailələri və müharibə əlillərinin dövlət tərəfindən genişmiqyaslı sosial dəstək proqramları ilə əhatə olunduğunu bildirib. Onun sözlərinə görə, bu istiqamətdə görülən işlərin əsas hədəflərindən biri məhz həmin şəxslərin mənzillə təmin olunmasıdır.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Zəfərdən sonra şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatına yönəlik proqram beş dəfə genişləndirilib. Postmüharibə dövründə bu kateqoriyaya aid şəxslərə 7300-dən artıq, ümumilikdə isə indiyədək 16 mindən çox mənzil verilib.
Qeyd olunub ki, həmin dövr ərzində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilən müavinət və təqaüdlərin məbləği orta hesabla iki dəfədən çox yüksəlib. Bundan əlavə, bu vətəndaşların məşğulluğunun təmin edilməsi və reabilitasiya xidmətləri ilə əhatə olunması istiqamətində də ardıcıl tədbirlərin görüldüyü diqqətə çatdırılıb.