Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Azərbaycana səyahət xəbərdarlığında yer alan ittihamları qətiyyətlə rədd edib.
Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın vətəndaşlarına ünvanladığı Azərbaycana səyahət xəbərdarlığında istifadə olunan ittihamlara sərt reaksiya verib.
Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibi 17 sentyabr tarixli açıqlamasında bu addımı «özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski» ilə izah etməyə çalışıb.
“Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasında Azərbaycana səyahət xəbərdarlığını “özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski” iddiaları ilə əsaslandırmağa çalışmasını qətiyyətlə pisləyir və rədd edirik”.
Hacızadə vurğulayıb ki, Azərbaycanda ayrı-ayrı cinayət işləri üzrə ölkə qanunvericiliyinə əsasən aparılan məhkəmə prosesləri siyasi don geydirilərək təqdim olunur və bu, ölkənin məhkəmə sisteminə müdaxilə cəhdi kimi qəbuledilməzdir.
O, Fransanın belə ittihamlar səsləndirərkən öz hüquq-mühafizə və penitensiar sistemindəki problemləri gözardı etdiyini qeyd edib.
“Bununla yanaşı, Fransa tərəfinin beynəlxalq hüquqi pozuntuları, irqçilik, diskriminasiya, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur. Fransa tərəfini Azərbaycanla bağlı əsassız və qərəzli iddialardan çəkinməyə, ölkəmizin suverenliyinə və daxili işlərinə hörmət etməyə və ikitərəfli münasibətlərə zərər vuran yanaşmalara son qoymağa çağırırıq”.
Beləliklə, Azərbaycan XİN Fransanı ikitərəfli münasibətlərə xələl gətirən addımlardan uzaq durmağa çağırıb.