Masallı rayonunda məktəb aylarla işıqsız və susuz qalıb
23 sen 2026 Post redaksiyası 4 2 dəq

Masallı rayonunda məktəb aylarla işıqsız və susuz qalıb

Masallı rayonu Miyankü kənd Nadir Aslanov adına tam orta məktəbdə iyun ayından bəri sıradan çıxan transformator hələ də təmir olunmayıb, nəticədə məktəbdə nə işıq, nə də su var.

Masallı rayonu Miyankü kənd Nadir Aslanov adına tam orta məktəbin transformatoru iyun ayından bəri işləmir. Valideynlərin bildirdiyinə görə, aylar öncə yaranan bu problem yeni tədris ili başladıqdan sonra da öz həllini tapmayıb.

Şagird valideynləri məktəbdəki vəziyyətdən narahatlıqlarını bildiriblər. Onların sözlərinə görə, tədris ilinin başlaması ilə problemin aradan qalxacağına ümid edirdilər, lakin belə olmayıb.

Məktəbdə nə işıq var, nə də su. Düşündük ki, dərslər başlayanda vəziyyət düzələcək, düzəlməyibmiş... Uşaqlar çox əziyyət çəkir, otaqlar qaranlıqdır.

Anti-sanitar şərait yaranıb

Valideynlər qeyd edib ki, elektrik və su probleminin uzun müddət davam etməsi məktəbdə sanitar vəziyyətin pisləşməsinə səbəb olub. Onlar uşaqların gigiyenası ilə bağlı ciddi narahatlıq keçirdiklərini bildiriblər.

Təssəvvür edin ki, şagirdlər saatlarla məktəbdə olur, ancaq su yoxdur. Çox pis haldır, biz uşaqlarımızın gigiyenasından çox narahatıq. Hazırda məktəbdə su olmadığı üçün anti-sanitar vəziyyət hökm sürür. Dəfələrlə müvafiq qurumlara müraciət etmişik, ancaq nəticə yoxdur. Ən azından bizə desinlər ki, 5 günə, 10 günə, lap 20 günə gəlib düzəldəcəklər. Onu da demirlər, vəziyyət beləliklə qeyri-müəyyəndir.

Məktəb rəhbərliyi nə deyir

Məsələ ilə bağlı Miyankü kənd Nadir Aslanov adına tam orta məktəblə əlaqə saxlanılıb. Məktəbdən verilən cavabda bildirilib ki, transformatorun sıradan çıxması və elektrik enerjisi ilə təminatda yaranan problemin həlli istiqamətində digər aidiyyəti qurumlarla birgə zəruri tədbirlər görülür.

Qeyd edək ki, transformatorun təchizatı müəyyən texniki və təşkilati mərhələlərdən keçir. Məsələ diqqətdə saxlanılır və müvafiq proses yekunlaşdıqdan sonra məktəbin elektrik enerjisi ilə təminatı bərpa ediləcək. Təhsil müəssisəsinin suya olan ehtiyacı kənar mənbələr hesabına təmin edilir.

Beləliklə, məktəb rəhbərliyi elektrik təminatının bərpası üçün prosesin davam etdiyini, su ehtiyacının isə hazırda alternativ mənbələr vasitəsilə ödənildiyini vurğulayıb.