Dövlət Gömrük Komitəsinin (DGK) İnsan Resursları İdarəsinin keçmiş rəisi, polkovnik Fərhad Babayev, ona təyin olunmuş pensiyanın kəsilməsi ilə bağlı məhkəməyə müraciət edib və işi uduzmayıb.
Dövlət Gömrük Komitəsinin (DGK) İnsan Resursları İdarəsinin keçmiş rəisi, polkovnik Fərhad Babayev, ona təyin olunmuş pensiyanın kəsilməsi ilə bağlı məhkəməyə müraciət edib və işi uduzmayıb.
Fərhad Babayev 2022-ci ildə DGK-də İnsan Resursları İdarəsinin rəisi vəzifəsindən ayrılandan sonra ona hərbi qulluqçu statusu əsasında aylıq 5 min 840 manat məbləğində güzəştli pensiya təyin olunmuşdu. Bu məbləğ onun vergi və gömrük orqanlarındakı ümumi xidmət stajı nəzərə alınaraq hesablanmışdı.
Bir il sonra Dövlət Sosial Müdafiə Fondu (DSMF) yenidən araşdırma apararaq həmin pensiyanı dayandırıb. Fondun apardığı yoxlama zamanı məlum olub ki, polkovnikin xidmət müddətindən yalnız 6 il, 6 ay və 2 günü hərbi qulluqçu statusuna uyğun gəlir, qalan hissə isə sıravi dövlət qulluğu stajı kimi qeydə alınıb. Bu isə güzəştli pensiya almaq üçün kifayət sayılmayıb.
Nəticədə Babayevin pensiya təyinatı ləğv edilib və ona qədər ödənilmiş 98 min manatın geri qaytarılması tələbi irəli sürülüb.
Fərhad Babayev DSMF-nin bu qərarlarının ləğvini tələb edərək Bakı İnzibati Məhkəməsinə iddia qaldırıb. O, əvvəlki hesablama qaydasının bərpa olunmasını və kəsilmiş məbləğin ona ödənilməsini istəyib.
Tərəflərin təqdim etdiyi sübutları araşdıran məhkəmə pensiyanın kəsilməsini qanuni saymayıb. Nəticədə Babayevin xeyrinə qərar çıxarılıb: əvvəlki pensiya hesablama qaydası bərpa olunmalı, ödənilməmiş məbləğ isə ona geri qaytarılmalıdır.
Fərhad Babayev DGK-nin sabiq sədri, general-polkovnik Səfər Mehdiyevlə yaxın münasibətdə olması ilə tanınır. Məlum olduğuna görə, o, keçmiş komitə rəhbərinin tələbə yoldaşı olub.
Qeyd edək ki, Səfər Mehdiyev özü də 2022-ci ildə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib.