Lənkəranda həkim Etibar Məmmədov işə bərpa olundu
23 sen 2026 Post redaksiyası 4 2 dəq

Lənkəranda həkim Etibar Məmmədov işə bərpa olundu

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında çalışan həkim Etibar Məmmədovun əmək müqaviləsinə qanunsuz xitam verilməsi faktı TƏBİB-in apardığı araşdırma nəticəsində təsdiqlənib və o, yenidən işə bərpa olunub.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında uzun illər çalışan həkim Etibar Məmmədovun əmək müqaviləsinə qanunsuz şəkildə xitam verilməsi ilə bağlı iddialar araşdırılıb və qanunsuzluq öz təsdiqini tapıb.

Məsələ ilk dəfə Etibar Məmmədovun oğlu Aslan Məmmədzadə tərəfindən ictimailəşdirilmişdi. O, atasının işdən çıxarılmasında xəstəxananın İnsan Resursları şöbəsinin müdiri Elbəy Fətəliyevi günahlandırmışdı.

TƏBİB məsələyə müdaxilə etdi

Aslan Məmmədzadə sosial media hesabında yeni paylaşım edərək bildirib ki, Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məsələyə operativ reaksiya verib və atasına qarşı edilən qanunsuzluq aradan qaldırılıb.

“TƏBİB rəhbərliyi bu məsələyə çox həssas yanaşdı. Cənab Anar Bayramovun müavini Rahim müəllim dərhal mənimlə əlaqə saxladı və növbəti gün görüş təyin edildi. Görüş zamanı bu məsələni təxminən bir saat yarım ərzində ətraflı şəkildə müzakirə etdik. Görüşdən dərhal sonra daxili araşdırma başladı. Araşdırmanın nəticəsində atama qarşı törədilən qanunsuzluq və ədalətsizlik təsdiqləndi. Eyni zamanda, Elbəy Fətəliyevin digər qanunsuz əməlləri də araşdırma zamanı üzə çıxdığı üçün o, işdən azad edildi”

Beləliklə, araşdırmanın yekunu olaraq Etibar Məmmədov yenidən vəzifəsinə bərpa olunub, İnsan Resursları şöbəsinin müdiri Elbəy Fətəliyev isə işdən azad edilib.