Azərbaycanın tanınmış diplomatı, şərqşünas alim Cavanşir Mehdixan oğlu Vəkilovun anadan olmasının 75 illiyi tamam olur. 2013-cü il avqustun 23-də 62 yaşında vəfat edən Vəkilov Təbrizdə Azərbaycanın ilk Baş Konsulu kimi tanınıb.
Bu il Azərbaycan Xarici İşlər Nazirliyinin keçmiş məsul əməkdaşı, tarix elmləri namizədi Cavanşir Mehdixan oğlu Vəkilovun doğulmasından 75 il ötür. 2013-cü il avqustun 23-də 62 yaşında dünyasını dəyişən diplomat onu tanıyanların yaddaşında Vətənə bağlılığı, səmimiliyi və peşəkarlığı ilə qalıb.
Cavanşir Vəkilovun mənsub olduğu nəsil Azərbaycan tarixinə çoxsaylı görkəmli şəxsiyyətlər bəxş edib. Bunların arasında xalq qəhrəmanı Balo bəy Vəkilov, 23 yaşında daxili işlər naziri olmuş Mustafa bəy Vəkilov, İstiqlal bəyannaməsinin müəllifi Rəhim bəy Vəkilov, Azərbaycanın siyasi xəritəsinin müəllifi, topoqrafiya generalı İbrahim ağa Vəkilov var.
Nəslin digər tanınmış üzvləri sırasında Azərbaycanın ilk Xalq şairi Səməd Vurğun, onun oğulları Xalq şairi Vaqif Səmədoğlu və Xalq yazıçısı Yusif Səmədoğlu, tarixçi alim və pedaqoq Mehdixan Vəkilov, səhiyyə naziri Fəxri Vəkilov, ilk uşaq evinin təsisçisi Badisəba Vəkilova-Köçərli, ilk qadın kimya elmləri doktoru Fatma Vəkilova və ilk kənd qız məktəbinin yaradıcısı Mədinə Vəkilova-Qiyasbəyli qeyd olunur. Cavanşir Vəkilov bu şöhrətli şəcərənin layiqli davamçısı sayılıb.
Səməd Vurğunun yaradıcılığında Güney Azərbaycan və Təbriz mövzusu ayrıca yer tutub. "Vətən həsrəti", "Təbriz gözəlinə", "Yandırılan kitablar", "Körpünün həsrəti" kimi şeirləri Arazın ikiyə böldüyü bütöv Azərbaycanın taleyindən bəhs edib.
Gözüm körpüdədir... Dayanmış qatar,
Elə bil o qəsdən saxlayır bizi.
Körpünü basmışdır yabanı otlar,
Nə cığır görünür, nə ayaq izi...
Əmisinin bu misraları yazmasından təxminən yarım əsr sonra Cavanşir Vəkilov həmin körpüdən keçərək Tehranda və Təbrizdə fəal diplomatik xidmət göstərib. O, 2004-cü il oktyabrın 20-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun açılışını təşkil edib və bir müddət ilk Baş konsul vəzifəsində çalışıb, Səməd Vurğunun sözü ilə desək, "ürəyi bağlı olan" cənublu soydaşlarımızla sıx əlaqələr qurub.
Poeziyaya şair əmisi sayəsində dərin bağlılıq duyan Cavanşir Vəkilov Təbrizə ilk səfərlərində Şairlər Məqbərəsini - Məqbərətülşüaranı ziyarət edib. Şəhərin Sorxab məhəlləsindəki bu abidədə Əsədi Təbrizi, Xaqani Şirvani, Şahpur Nişapuri, Qətran Təbrizi, Mani Şirazi, Mücirəddin Beyləqani, Şeyx Məhəmməd Xiyabani və Seyid Məhəmməd Şəhriyar da daxil olmaqla 53 nəfər şair və məşhur şəxsiyyətin məzarını gəzib, dualar edərək Səməd Vurğunun misralarını pıçıldayıb:
Bir də görürsən ki, açılan solur,
Düşünən bir beyin bir torpaq olur.
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya…
Atası Mehdixan Vəkilov tanınmış ictimai-siyasi xadim, tarixçi alim, yazıçı və pedaqoq olub, 1958-1962-ci illərdə respublika Ali Sovetinin deputatı və sədr müavini vəzifələrini icra edib, tarix elmləri doktoru, professor və Əməkdar elm xadimi adına layiq görülüb. Atasının Cavanşirin vətənpərvər ruhda tərbiyə almasında müstəsna rolu olub.
Ziyalı ailəsində böyüyən Cavanşir Vəkilov ailə ocağında toplaşan görkəmli elm və mədəniyyət xadimləri ilə ünsiyyətdə dünyagörüşünü zənginləşdirib. Bakıdakı 190 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsində təhsil alıb, ardınca bir neçə il Əfqanıstan və İranda tərcüməçi kimi çalışıb.
Atası Mehdixan Vəkilovun məsləhəti ilə 1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Fondunda elmi fəaliyyətə başlayan Cavanşir Vəkilov 1976-1992-ci illərdə Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda işləyib. Bu dövrdə Azərbaycan ilə İran arasında mədəni əlaqələr mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın diplomatik xidmətinin formalaşdığı dövrdə peşəkar kadrlara ehtiyac yarandıqda, Cavanşir Vəkilov 1992-ci ildə Xarici İşlər Nazirliyində fəaliyyətə başlayıb və ömrünün sonunadək bu sahəyə xidmət edib. O, müxtəlif illərdə Azərbaycanın İran İslam Respublikasındakı səfirliyində çalışıb, 1993-1995-ci illərdə Ümummilli Lider Heydər Əliyevi İran nümayəndə heyətləri ilə danışıqlarda müşayiət edənlər sırasında olub.
Tarixçi alim kimi "Arsax: tutarlı cavab", "Tarixi keçmişimizə bir nəzər" (Kürün sahilində var əski bir köy) kimi məqalələri geniş əks-səda doğurub. 2007-ci ildə ona 1-ci dərəcəli müşavir diplomatik rütbəsi verilib, 2009-cu ildə isə "Azərbaycan Respublikası Diplomatik Xidmət orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalı ilə təltif olunub. Eyni zamanda XİN-in 90 illik yubileyi münasibətilə nəşr edilmiş kitabların redaksiya şurasının üzvü kimi çalışıb.
Diplomatik işlə yanaşı elmə bağlılığını qoruyan Cavanşir Vəkilov qazandığı təcrübəni gənc nəslə ötürüb. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Yaxın və Orta Şərq ölkələrinin xarici siyasəti", "Müasir diplomatiya", "Diplomatik danışıqlar" və "Diplomatik sənədlər" fənlərindən dərs deyib, DİA-nın bakalavr pilləsi üzrə Dövlət Attestasiya Komissiyasının sədri olub.
Tədrisi yalnız nəzəri yox, real diplomatik təcrübə ilə zənginləşdirən Vəkilov tələbələrinin sevimli müəllimi olub. Ərsəyə gətirdiyi "Yaxın və Orta Şərq ölkələrinin xarici siyasəti" və "Müasir diplomatiya" fənləri üzrə dərsliklər onun pedaqoji irsinin nümunələridir.
Cavanşir Vəkilovun Azərbaycan-İran münasibətləri və Azərbaycan ədəbiyyatı mövzusunda 23 elmi işi, 49 məqalə və araşdırması Bakı, Təbriz, Tehran, Moskva və Düşənbədə Azərbaycan, rus və fars dillərində dərc olunub. O, "Heydər Əliyev və Şərq" çoxcildliyinin İrana həsr olunmuş 2-ci cildinin hazırlanmasında yaxından iştirak edib.
Onun "Azərbaycan Respublikası və İran: 40-cı illər" adlı monoqrafiyası 1991-ci ildə Bakıda nəşr olunub və bu yaxınlarda təkrar çap edilib. Əsərdə 1941-1946-cı illərdə iki qonşu ölkə arasındakı mədəni-diplomatik münasibətlər hərtərəfli araşdırılır. ABŞ-ın tanınmış şərqşünas alimi Tadeuş Svyataxovski özünün "Rusiya və Azərbaycan keçid dövründə sərhəd" kitabında (Nyu-York, 1995-ci il) dəfələrlə Cavanşir Vəkilovun elmi əsərlərinə istinad edib.
Atasının vəfatından sonra onun müəllifi olduğu "Cavanşir" romanını, "Anadillər" povestini (hər iki əsər Tehran və Təbrizdə də nəşr edilib) və "Ömür dedikləri bir karvan yolu" adlı xatirə kitabını işıq üzünə çıxarıb. Mehdixan Vəkilovun "Azərbaycanda mədəni inqilab: 1920-1940-cı illər" monoqrafiyasının da elmi redaktoru olub.
İranda çalışdığı dövrdə "Varlıq", "Xudafərin", "Körpü" jurnallarında, "Fəcr-e Azərbaycan", "Məhd-e azadi" qəzetlərində Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin yaradıcılığını işıqlandırıb. Şəxsi kitabxanasını Dövlət İdarəçilik Akademiyasına, AMEA Fundamental kitabxanasının Şərq fonduna və M.Füzuli adına Əlyazmalar İnstitutunun kitabxanasına hədiyyə edib, İranda topladığı kitab, jurnal və qəzetləri isə Azərbaycan Yazıçılar Birliyinin, BDU-nun kitabxanalarına və M.F.Axundov adına Milli Kitabxanaya göndərib.
Cavanşir Vəkilov həyatının dəyərli hissəsini ailəsinə həsr edib. Kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Elmira Vəkilova ilə birlikdə iki övlad böyüdüb, üç nəvənin sevincini yaşayıb. Beləliklə, əmisi Səməd Vurğunun "Dilcan dərəsi" şeirində yazdığı və atasının xatirə kitabına ad olan "Ömür dedikləri bir karvan yolu" misrasına bənzər maraqlı bir tərcümeyi-hal yaşayıb.