Ombudsman Aparatı bəyan edib ki, ağır cinayətlərə görə məhkum olunmuş erməni əsilli şəxslərin, o cümlədən Ruben Vardanyan və Araik Harutyunyanın hüquqlarının pozulması barədə internetdə yayılan iddialar əsassızdır.
Ombudsman Aparatı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi kimi ağır əməllərə görə məhkəmə tərəfindən azadlıqdan məhrum edilmiş bəzi erməni əsilli şəxslərin vəziyyəti barədə açıqlama yayıb. Açıqlamada bildirilir ki, bu şəxslərin hüquqlarının təmin olunması ilə bağlı internet resurslarında dövriyyəyə buraxılan məlumatlar reallığı əks etdirmir.
Qurumun məlumatına görə, Milli Preventiv Mexanizm çərçivəsində Ruben Vardanyan da daxil olmaqla erməni əsilli şəxslərlə həm ibtidai istintaq, həm məhkəmə prosesi, həm də cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonrakı dövrdə mütəmadi görüşlər keçirilib. Bu görüşlər zamanı onların saxlanma şəraiti, rəftar normalarına riayət olunması və hüquqlarının təmin edilməsi vəziyyəti ardıcıl izlənilib.
"Bu monitorinqlər beynəlxalq standartlara uyğun həyata keçirilmiş, insan hüquq və azadlıqlarının təmin olunması vəziyyəti daim diqqətdə saxlanılıb."
Aparat vurğulayıb ki, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən xəbərdarlıqsız keçirilən başçəkmələr zamanı Ruben Vardanyana və digərlərinə öz ana dilində hüquqları izah olunub, qrupun tərkibindəki həkim tərəfindən sağlamlıq vəziyyəti yoxlanılıb. Şəxslərin istəyi əsasında onlara qanunvericilik aktları və nəşrlər ana dillərində, eləcə də müxtəlif dillərdə bədii ədəbiyyat nümunələri təqdim edilib.
Açıqlamada qeyd olunub ki, adı çəkilən məhkumların hər biri Ombudsmanın "916" Çağrı Mərkəzinə müraciət etmək imkanına malikdir və onların bütün müraciətlərinə vaxtında, qanuna uyğun cavab verilib. Aparıcı Ombudsman bildirib ki, keçirilən ardıcıl başçəkmələr zamanı bu şəxslərin saxlanıldığı müəssisədə şəraitin müasir tələblərə cavab verdiyi, heç bir ayrı-seçkiliyə yol verilmədiyi müşahidə olunub.
Bundan əlavə, idman məşğələləri, gəzinti və asudə vaxtın təşkili kimi hüquqların da təmin edildiyi bildirilir. Cəzaçəkmə müəssisəsinə köçürüldükləri zaman hesablarında maliyyə vəsaiti olmasa da, ailə üzvləri ilə telefon əlaqəsi və məlumat əldə etmək imkanları məhdudiyyətsiz saxlanılıb.
Ombudsman Aparatı bildirib ki, məhkumların notariat və tibbi xidmətlərlə bağlı müraciətləri də qanunvericiliyə uyğun icra edilib. Araik Harutyunyanın son notariat müraciəti başçəkmə gününə təsadüf etdiyi üçün bu xidmətin icrası Milli Preventiv Qrupunun üzvləri tərəfindən yerində müşahidə olunub. Eyni zamanda, şəxslərin əlavə tibbi müayinə, ailə üzvləri ilə əlavə telefon danışığı və vəkilləri vasitəsilə dövlət qurumlarına müraciət tələbləri də təmin edilib.
"...sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər ağır cinayətləri törətmələri məhkəmə qaydasında sübuta yetirilərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş həmin şəxslərin hüquqları hər hansı bir ayrı-seçkiliyə yol verilmədən təmin edilir. Bununla bağlı internet saytlarında adıçəkilən şəxslərin adından irəli sürülən iddiaların heç bir əsası yoxdur, həqiqəti əks etdirmir, qərəzli siyasi məqsədlərə xidmət edir."