Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Xətai rayonunda bir yeniyetmənin oyun platforması ilə bağlı intiharı məsələsi qaldırılıb.
Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Xətai rayonunda baş vermiş faciəli hadisə müzakirəyə çıxarılıb. Komitə sədri Zahid Oruc bir neçə gün öncə həmin rayonda yeniyetmənin hündürmərtəbəli binadan özünü ataraq həyatına son qoyması ilə bağlı məlumat verib.
Onun sözlərinə görə, bu barədə Baş Prokurorluq da rəsmi açıqlama yayıb və aparılan ilkin istintaq nəticəsində hadisənin “Roblox” oyunu ilə əlaqəli olduğu qənaətinə gəlinib.
“Bildiyiniz kimi, bir neçə gün öncə Xətaidə uşaq hündürmərtəbəli binadan özünü atıb intihar etmişdi. Bu barədə Baş Prokurorluq da məlumat yaydı. İlkin istintaq “Roblox” oyunu ilə bağlı oldu”, - komitə sədri bildirib.
Zahid Oruc çıxışında bu mövzuda beynəlxalq statistikaya da nəzər saldığını qeyd edib. Onun sözlərinə əsasən, ABŞ-ın 14 ştatında uşaqları intihara sövq edən və onları, ifadəsincə, “robota çevirən” oyun platformalarına qarşı məhkəmə qaydasında cinayət məsuliyyəti tələb edən iddialar irəli sürülüb.
“Dünya statistikasına baxmağa çalışdım. ABŞ-nin 14 ştatında uşaqları intihara sövq edən, onları sanki robota çevirən platformalara qarşı məhkəmələrdə cinayət məsuliyyətinə dair iddialar qaldırılıb”, - o bildirib.
Komitə sədri Azərbaycanda da uşaqlar arasında belə onlayn oyunların yaratdığı təsirlərin peşəkar səviyyədə araşdırılmasının vacibliyini vurğulayıb.
“Azərbaycan uşaqları arasında da belə oyunlarla bağlı peşəkar araşdırmalara ehtiyac var”, - deyə Zahid Oruc əlavə edib.