İran Prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksəksəviyyəli həftəsində iştirak etmək üçün ABŞ-ə səfər etməsi gözlənilir.
Son anda hər hansı dəyişiklik baş verməzsə, İran dövlət başçısı Nyu-Yorkda keçiriləcək tədbirdə İranın mövqeyini əks etdirən çıxış edəcək və bir sıra dünya liderləri ilə ikitərəfli görüşlər keçirəcək.
ABŞ Dövlət Departamenti sentyabrın 17-də açıqlayıb ki, Məsud Pezeşkiana, xarici işlər naziri Abbas Əraqçiyə və digər yüksəkvəzifəli İran rəsmilərinə BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsində iştirak üçün lazımi vizalar təqdim olunub.
Ev sahibi ölkə öhdəliklərinə uyğun olaraq İranın əsas nümayəndə heyətinin BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsində iştirakına imkan yaradacaq
Dövlət Departamentinin yaydığı bəyanatda bu fikirlər öz əksini tapıb. Eyni zamanda bildirilib ki, İran nümayəndə heyəti bir sıra səyahət məhdudiyyətləri ilə üzləşəcək.
Bəyanata görə, mövcud siyasətə əsasən nümayəndə heyətinin lüks malların və digər müəyyən əşyaların alınması qadağan olunacaq. Qeyd olunub ki, bu ilki İran nümayəndə heyəti ötən ilki ilə müqayisədə say etibarilə daha kiçikdir.
Xatırladaq ki, 2024-cü ildə İran rəsmiləri BMT missiyalarından nə qədər məsafəyə qədər hərəkət edə biləcəkləri ilə bağlı sərt qaydalarla qarşılaşıb, həmçinin topdansatış mağazalarında alış-veriş etmələrinə qadağa qoyulmuşdu.